Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Mülkiyyət hüququ haqqında

Mülkiyyət hüququ qanunla qorunur

 

         Azad bazar iqtisadiyyatı yolunu seçən ölkələrdə mülkiyyət hüququ, mülkiyyət toxunulmazlığı əsas hüquqlardan biridir. Bu hüquq mütləq hüquqdur və heç bir fiziki, yaxud hüquqi şəxsin mülkiyyəti əvəzi ödənilmədən alına bilməz.

         Mülkiyyət hüququ insanlara sahiblınmək haqqını da verir. Bu hüquq sayəsində hər bir kəs ayrılıqda, iki və daha çox insanla birgə mülkiyyətə sahib ola bilir, onu sata bilir və ya qanunla icazə verildikdə mülkiyyətini ləğv edə bilir.

         Azərbaycan da bazar iqtisadiyyatı yolunu seçdiyindən mülkiyyət hüququna xüsusi önəm verilib və müstəqilliyin ilk ilində mülkiyyət hüququ ilə bağlı ayrıca qanun qəbul edib.

         1995-ci ildə qəbul edilən Konstitusiyamızda da mülkiyyət hüququ tanınır. Konstitusiyanın 13-cü maddəsində qeyd edilir ki, Azərbaycanda mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

          Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Əsas qanunun 29-cu maddəsi isə mülkiyyət hüququna həsr edilib. Bu maddədə bildirlir ki, hər kəsin mülkiyyət hüququ vardır.

          Ölkəmizdə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

          Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

          Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya əmlakın tam müsadirəsinə yol vermir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

          Konstitusiyaya əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

          Konstitusiya Məhkəməsi mülkiyyət hüququ ilə bağlı əsas qanunun da olam müddəalara şərh verib. Həmin şərhdə qeyd edilir ki, mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır.

          Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunan qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

         Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilən və həmin hüquqların leqal anlayışları verilib. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilən imkanıdır.

         Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir.

         Konstitusiya Məhkəməsi qeyd edir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla yanaşı Azərbaycanın mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilib.

           Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.

           Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranan daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

            Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qarac və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qarac və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilib.

Konstitusiya Məhkəməsi sözügedən maddənin məzmununun aydınlaşdırılması üçün mülkiyyət üzərində sərəncam hüququ və daşınmaz əmlakın dövlət reyestri ilə bağlı bir sıra məsələlərin təhlil olunmasını vacib hesab edir.

           Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər.

           Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır.

           Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

          Təsadüfi deyildir ki, daşınmaz əmlakla bağlı əqdlərin təsdiqlənməsi səlahiyyətlərini həyata keçirən notariat orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda notariusların üzərinə belə əmlakı özgəninkiləşdirən şəxslərin sərəncam hüququna malik olmasının yoxlanılması ilə bağlı bir sıra vəzifələr qoyulur. Belə ki, notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qaracın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Bunun üçün notarius özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edir.

           Azərbaycan qanunvericiliyində təsbit edilən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir.

Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilən səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

 

Keçidlər