İctimai Şura
İctimai Şuraların rolu
Son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımlar atılmaqdadır. Bu prosesdə vətəndaş cəmiyyət təşkilatlarının rolu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planının 5.5. maddəsində “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.
01 iyun 2014-cü tarixdə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ictimai şuralar üzrə münasibətləri tənzim edən əsas normativ hüquqi akt kimi çıxış edir. Qanunun tənzimləmə predmetinə ictimai şuraların statusu, yaradılması və fəaliyyət qaydalarını, hüquq və vəzifələri, strukturu və digər vacib məqamlar daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə" isə ictimai şuralara seçkilərin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Qanun ictimai şuraların statusunu mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum kimi müəyyən edir. 5-15 üzvdən ibarət tərkibdə və səlahiyyət müddəti iki il olan ictimai şuralar vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri – tərəfindən seçilir. İctimai şuralar üçün aşağıdakı hüquqlar təsbit edilib:
1) mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq;
2) ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək;
3) müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək;
4) müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;
5) ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək;
6) dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;
7) ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək;
8) hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək və s.
Göründüyü kimi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda ictimai nəzarətin həyata keçirilməsi üçün hüquqlar nəzərdə tutulmuşdur. Bu da ictimai nəzarətin təşkilində əhəmiyyətli rol oynayır. Vətəndaşların ictimai şuraların fəaliyyəti barədə geniş məlumatlara malik olması və bu cür fəaliyyətin həyata keçirilmə mexanizmi ilə yaxından tanış olması ictimai nəzarətin təşkili üçün önəmlidir.