Hüquq
Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğu və sosial reinteqrasiyası
Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiyası hüquqi dövlət quruculuğunun və sosial siyasətin mühüm istiqamətlərindən biridir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi və təkrar cinayət törətməsinin qarşısının alınması dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizdə son illərdə bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilmiş, müxtəlif dövlət proqramları qəbul edilmiş və aidiyyəti qurumlar tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.
Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sosial müdafiəsi və məşğulluğu bir sıra normativ-hüquqi aktlarla tənzimlənir. Bunlara Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, “Məşğulluq haqqında” Qanun, və digər normativ sənədlər daxildir.
Dövlət tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi azad edilmiş şəxslərin cəmiyyətə adaptasiyasını sürətləndirmək, onların əmək bazarına çıxış imkanlarını genişləndirmək və sosial rifahını təmin etməkdir.
Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir.
Sözügedən şəxslərin məşğulluğunun və peşə hazırlığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə Fəaliyyət Planı təsdiq edilmişdir. Məhkumların peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 11 sentyabr tarixli 278 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən hazırlanmışdır.
Cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların müvafiq bilik və bacarıqlarla təmin edilərək əmək bazarında mövcud olan vakansiyalara yönəldilməsi həmin şəxslərin yenidən hüquqpozmalara meyilliyini aradan qaldırmaqla yanaşı, əmək bazarının da inkişafına töhfə vermiş olacaqdır. Bu baxımdan, məhkumların islah edilməsi vasitələrindən olan peşə təhsilinin gücləndirilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin, eyni zamanda onların məşğulluğunun genişləndirilməsi qarşıda duran vəzifələrdəndir.
Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması, peşə təhsili çərçivəsində təhsilalanların potensialının gücləndirilməsi, eyni zamanda cəzaçəkmə müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, sahibkarların tələbatına uyğun peşə təhsilinin təşkili və hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarında işlə təmini üçün imkanların genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Qanunvericiliyə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə onların qeydiyyata alınması, peşə hazırlığı işinin təşkili, işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirlərin həyata keçirilməsi, hüquqi, psixoloji və informasiya yardımı göstərilməsi, birdəfəlik pul müavinətlərinin verilməsi nəzərdə tutulub.
Qeyd olunan kateqoriyaya aid şəxslər aidiyyəti qurumlara müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan istifadə edilə bilərlər.






