Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Bayramlar

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 105. Bayram günləri

1. Azərbaycan Respublikasının bayram günlərinə aşağıdakılar aiddir:

Yeni il bayramı (1 və 2 yanvar);

Qadınlar günü (8 mart);

Faşizm üzərində qələbə günü (9 may);

Respublika günü (28 may);

Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (26 iyun);

Dövlət müstəqiliyi günü (18 oktyabr);

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü (9 noyabr);

Konstitusiya günü (12 noyabr);

Milli Dirçəliş günü (17 noyabr);

Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr);

Novruz bayramı – 5 gün;

Qurban bayramı – 2 gün.

Ramazan bayramı – 2 gün.

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Respublikası Dövlət Bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı iş günü hesab edilmir.

3. İş günləri hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir.

6. Qurban bayramı və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

1 YANVAR – YENİ İL

Yanvar ayı (latınca “Yanvarus”) Roma allahı Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvim 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i  İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır.

1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.

2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşürsə, növbəti gün iş günü hesab edilmir.

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ

8 mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Rusiyada həmin gün ilk dəfə 1913-cü ildə, Azərbaycanda 1917-ci ildə bayram edilmişdir. 1914-cü ilə qədər bu bayram müxtəlif günlərdə qeyd olunurdu. Beynəlxalq qadınlar gününün martın 8-də qeyd edilməsi ənənəsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər dövlətlərin qadınları həmin günü bayram hesab etmək barədə razılığa gəldikdən sonra yaranmışdır.

O vaxtdan bəri martın 8-ni bütün ölkələrdə həm də sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

9 MAY – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ

İkincü dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,

hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

28 MAY – RESPUBLİKA GÜNÜ

XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşmüşdür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

15 İYUN – AZƏRBAYCAN XALQININ MİLLİ QURTULUŞ GÜNÜ

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdəntəcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli qurtuluş günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etdi.

Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edildi.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edildi.

1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi - referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi.

1992-ci ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət gerbini təsdiq etdi.

9 NOYABR - AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ 

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Tariximizin sovet dövründə o, Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə əvəz edilmişdir.

Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılmışdır.

Rəsmi olaraq bu bayraq Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir.

1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədənDövlət bayrağını qəbul etmişdir.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

12 NOYABR – KONSTİTUSİYA GÜNÜ

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir. Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi, əsasən, onun SSRİ-nin tərkibində olduğu dövlət təsadüf edir.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi.

1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Ermənistanın hakimiyyət orqanları Sovet İttifaqı rəhbərliyinin səhlənkarlığından istifadə edərək, 200 min nəfərdən çox azərbaycanlının daimi yaşayış yerlərindən qovulmasına faktiki sanksiya verdi.

Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı.

1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir.

31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ

Hər il dekabrın 31-i azərbaycanlıların milli həmrəyliyi günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində - İranda (Cənubi Azərbaycan), Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, ABŞ-da, Yaxın Şərq ölkələrində on milyonlarla azərbaycanlı yaşayır. Azərbaycanlıların ən böyük diasporu Rusiyadadır və 1,5-2 milyon nəfəri əhatə edir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra diasporun ictimai statusu dəyişmiş, o, Azərbaycan xalqının rifahı naminə özünün geniş əhatəli fəaliyyətini gücləndirmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü elan edilmişdir.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

NOVRUZ BAYRAMI

Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir.

Novruz bayramının tarixi kökləri çox qədim dövrlərə - Zərdüşt peyğəmbərin zəmanəsinə aiddir. Bu isə təqribən 3700-5000 il deməkdir.

Qədim Babilistanda bu bayram Nisan ayının 21-də (mart, aprel) başlanır və 12 gün davam edirdi. Bu 12 günün hərəsinin öz ritualları (mərasimləri) və öz əyləncələri vardı. Ən qədim yazılı abidələrdə göstərilir ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.

İslam dini Novruz bayramına dini çalarlar gətirmişdir. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz kimi böyük mütəfəkkirlər dəlillərlə göstərirdilər ki, Novruz bayramı İslamdan çox-çox əvvəl yaranmışdır. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq Nizaminin “Siyasətnamə”, Ömər Xəyyamın “Novruznamə” əsərlərini göstərmək olar.

Odlar yurdu Azərbaycan atəşpərəstliklə bağlı zəngin ənənələrə malikdir. Bu baxımdan Novruz ruhun təmizlənməsi rəmzidir. Novruzdan əvvəlki axır çərşənbə ərəfəsində tonqallar yandırılır və yaşından, cinsindən asılı olmayaraq, hər kəs bu bərəkətli odun üstündən yeddi dəfə tullanmalıdır. Eyni bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaq lazımdır. Bu ritualı yerinə yetirərkən “Mənim sarılığım sənə, sənin qızartın mənə keçsin” demək lazımdır. Novruz tonqalının üstünə heç vaxt su tökmürlər. Tonqal özü sönəndən sonra oğlanlar və qızlar onun külünü yığıb evdən uzağa aparırlar. Bu o deməkdir ki, bütün pisliklər həmin külə qarışaraq gedir.

Su ilə təmizlənmə suyun təmizləyici qüvvəyə malik olması barədə təsəvvürlərlə bağlıdır. Novruz günlərində arx üstündən tullanmaq ötən ildə edilmiş günahları yumaq deməkdir. Belə bir adət də var: İlin son gecəsində adamlar bir-birinin üstünə su çiləyirlər. Xalq inamına görə, axır çərşənbə gecəsi çaylar və arxlar dayanır, hamı və hər şey, hətta ağaclar da yerə əyilərək suya təzim edirlər. Yeni il axşamında kim bu sudan içərsə, o, xəstələnməz.

Novruzun zirvəsi köhnə ilin öz səlahiyyətlərini yeni ilə təhvil verməsidir. Qədimdən yaranmış ənənələrə görə, həmin vaxtda Novruzun şərəfinə toplardan və tüfənglərdən atəş açırlar. N.Dubrovin hələ XIX əsrdə bu barədə yazırdı: “Azərbaycanda baharın gəlməsini şəhərlərdə və kəndlərdə toplardan açılan yaylım atəşi ilə bildirirdilər”. Azərbaycanda Novruz bayramı şərəfinə təntənələrdə iştirak etmiş Adam Oleari isə yazırdı: “Münəccim astronomik cihazdan və Günəş saatından istifadə etməklə Günəşin hündürlüyünü təyin edərək, gecə ilə gündüzün bərabərləşdiyi anda bildirdi: “Təzə il gəldi”. Elə həmin anda şəhər qüllələrindəki toplardan yaylım atəşi açıldı, qala divarlarından musiqi sədaları eşidildi. Beləliklə, Bahar bayramı başlandı” (1637).

Novruzda süfrədə adları “S” hərfi ilə başlayan yeddi xörək, habelə sumax, sirkə, süd, səməni, səbzi və sair olmalıdır. Süfrəyə güzgü və şamlar, güzgünün qabağına boyanmış yumurtalar qoyulur. Bütün bunların hər birinin rəmzi mənası var: şam – insanları bədnəzərdən qoruyan od, işıq, güzgü isə aydınlıq deməkdir.

Ənənəyə görə, bayramın birinci günündə hər kəs öz evində olmalıdır. Xalq içində deyərlər: “Əgər Novruzun birinci günündə öz evində olmasan, yeddi il evinə həsrət qalacaqsan”. Keçmişdə Novruz bayramı günündə evin bayır qapısı, bir qayda olaraq, bağlanmırdı. Novruzun birinci günü bütün gecə işıq yanır, çünki işığın sönməsi bədbəxtlik əlamətidir.

Kəndlilər Novruz bayramını qeyd edərkən yeni ilin quraqlıq, yoxsa yağmurlu, məhsuldar, yoxsa qıt olacağını müəyyən edirlər. Ənənəyə görə, Novruzun birinci günü bahar, ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab edilir. Əgər birinci gün hava küləksiz və aydın olsa, deməli, il məhsuldar olacaqdır.

Novruz insanların çox xoşladığı, onlara şən ovqat bəxş edən bayramdır. Novruz Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayramdır.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

QURBAN BAYRAMI

Dini mərasim olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. Qurban kəsmək mərasimi islamdan çox-çox əvvəl mövcud olmuşdur.

Hicri tarixinin ikinci ilində, Məhəmməd Peyğəmbər Mədinədən Məkkəyə köçəndən sonra islam aləmində qurban kəsmək adəti yoxsullara və yetimlərə kömək, arzuların çin olması üçün sədəqə verilməsi kimi yeni mənalar kəsb etdi. Dini mərasim olan qurban kəsilməsi İbrahim Peyğəmbərlə bağlı bir əhvalatdan sonra yaranmışdır. O, yuxuda görür ki, Allah İbrahimin ona inamını sübut etmək üçün oğlu İsmayılı qurban kəsməsini əmr edir. Əsl dindar olan İbrahim Allahın bu əmrini yerinə yetirməyə, İsmayıl da qurban kəsilməyə hazır idi.

Qurban bayramı zamanı hər bir imkanlı müsəlman bir heyvanı qurban kəsməli, onun ətini yoxsullara və yetimlərə paylamalıdır. Qurban kəsmək insanın həqiqi etiqad ucalığına yüksəlmək məqsədi güdür. Quranda bununla əlaqədar deyilir: “Onların nə əti, nə də qanı Allaha çatacaq. Ona sizdən ancaq təqva (Allahdan qorxma) çatacaqdır”. (22:37)

Qurban bayramı 2 gün qeyd edilir.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

RAMAZAN BAYRAMI

Müqəddəs Ramazan ayı müsəlmanlar üçün Hicri tarixinin ikinci ilində (Miladi tarixin 622-ci ilində) müəyyən edilmişdir. Ramazan ayı insanlara Allahın göstərişlərini bütün qəlbi ilə qəbul etməyi, cismani və ruhi sınaqlardan keçməyi təlqin edir. Müsəlmanlar bu ayda oruc tuturlar.

Orucluğun tarixi Hicri təqviminin ikinci ilindən başlanır. O vaxt Məhəmməd Peyğəmbər Mədinədə müsəlmanlar üçün Ramazan ayını müəyyən etmişdir. Allah Quranı müsəlmanlara məhz Ramazan ayının son on gecəsinin birində nazil etmişdir. Deyilənə görə, bu hadisə həmin ayın 23-dən 24-nə və ya 26-dan 27-nə keçən gecə baş vermişdir. Həmin gecə “leylət əl-Qədr”, yəni güclü və qüdrətli gecə adlanır. Quranda bu gecə barədə deyilir: “Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan da xeyirlidir. O gecə mələklər və ruh (Cəbrayıl) öz Rəbbinin izni ilə hər bir əmrə görə enirlər. O (gecə), sübh açılana qədər bir salamatlıqdır” (97:1-5).

Orucluq dövründə günün işıqlı vaxtında yeməyə, siqaret çəkməyə, ər-arvad vəzifələrini icra etməyə və başqa əməllərə icazə verilmir. Uşaqlar, hamilə qadınlar, ağır xəstəlikdən əziyyət çəkənlər, döyüşçülər və səfərdə olanlar oruc tutmaqdan azaddırlar. Orucluq təzə Ayın göründüyü andan başlanır və 29-30 gün davam edir. Quranda deyilir: “Sübh çağı ağ sap qara sapdan seçilənə qədər yeyib-için. Sonra da gecəyə qədər orucunuzu davam etdirin” (2:187).

Orucluq hələ islamdan əvvəldə mövcud olmuşdur. Bu barədə Quranda deyilir: “Sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də oruc tutmaq fərz qılınmışdır ki, bəlkə Allahdan qorxasınız” (22:183).

Orucluq id-əl-fitr bayramı ilə başa çatır. Həmin gün bütün varlı və imkanlı müsəlmanlar kasıb müsəlmanlara kömək etməyə borcludurlar.

1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd edilir.

Ramazan bayramı 2 gün qeyd olunur.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

Keçidlər