Qanunvericilik
İcbari sığortalar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.
I. ÜMUMİ BÖLMƏ
1-ci fəsil
GİRİŞ MÜDDƏALARI
Maddə 1. Ümumi müddəalar
1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir.
1.2. Bu Qanunun Xüsusi bölməsinin müddəaları yalnız həmin bölmənin müvafiq fəsilləri ilə müəyyən olunan icbari sığorta növünə şamil edilir.
1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 2. İcbari sığortalar haqqında qanunvericilik
2.1. Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında icbari sığortalar sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 3. İcbari sığortanın prinsipləri
3.1. Bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsipləri aşağıdakılardır:
3.1.1. İcbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi;
3.1.2. sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı;
3.1.3. sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması;
3.1.4. sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı;
3.1.5. çoxqat maliyyə təminatı mexanizmi vasitəsilə sığorta əməliyyatlarında maliyyə sabitliyinin təmin edilməsi;
3.1.6. bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə əməliyyatların aparılmasına dair vahid metodoloji yanaşmanın təmin edilməsi.
Maddə 4. İcbari sığortanın məqsədi, aparılması və tətbiq olunduğu ərazi
4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
4.2. Sığorta hadisələri nəticəsində şəxslərin gəlir itkisi icbari sığorta təminatına daxil edilmir.
4.3. Bu Qanunun məqsədləri üçün qəza vəziyyətində və ya istismara yararsız vəziyyətdə olan hər hansı əmlakla (bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu, avadanlıq və s.) bağlı əmlak mənafelərinin sığortalanması qadağandır.
4.4. Bu Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılması maliyyə bazarlarına nəzarət orqanının sığortaçıya verdiyi müvafiq icazə əsasında həyata keçirilir.
4.5. İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
4.6. Bu Qanunun Xüsusi bölməsində digər hal nəzərdə tutulmamışdırsa, icbari sığorta müqavilələri üzrə sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Maddə 4-1. Hesablaşmalar
Bu qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.
Maddə 5. Sığortaçı və sığortalı
5.1. Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir.
5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir.
5.3. Sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər.
Maddə 6. Sığorta olunan, faydalanan şəxs və zərərçəkən
6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.
6.3. Bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə hər bir icbari sığorta növü üzrə sığortalıların və ya sığorta olunanların konkret kateqoriyası müəyyən olunur.
6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.
6.5. Bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığorta olunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər.
6.6. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir.
6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.
6.8. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir.
6.9. Bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.
Maddə 7. Üçüncü şəxslər
Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
Maddə 8. İcbari sığorta müqaviləsi
8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.
8.1-1. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.
8.2. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.
8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir.
8.4. Bu Qanunun Xüsusi bölməsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir.
8.5. Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919–921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır.
8.6. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir.
Maddə 9. İcbari sığorta şəhadətnaməsi
9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.
9.2. İcbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır.
9.3. İcbari sığorta şəhadətnaməsinin forması, onun çap olunma və doldurulma qaydaları sığorta şəhadətnaməsinin məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
9.4. Sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir.
9.6. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilərkən, müvafiq icbari sığorta şəhadətnaməsi sığortaçıya qaytarılmalıdır.
Maddə 10. İcbari sığorta məbləği
10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.
10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
10.3. Hər bir icbari sığorta növü üzrə sığorta məbləğləri bu Qanunun Xüsusi bölməsinin fəsilləri ilə müəyyən olunur.
10.4. Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmadığı halda icbari sığorta müqaviləsi üzrə sığorta məbləği müvafiq sığorta ödənişləri həcmində azalmış hesab edilir və həmin ödənişlərin verildiyi tarixdən bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, bərpa edilməlidir.
Maddə 11. İcbari sığorta haqqı
11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir.
11.2. Bu Qanunun 56.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortalıya sığorta ödənişi verilərkən, sığortalı sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək niyyətində olmadıqda, sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı sığorta ödənişi məbləğindən çıxılır.
11.4. Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.
Maddə 12. Sığorta haqlarının bölüşdürülməsi
12.1. İcbari sığortalar üzrə hesablanmış sığorta haqlarından bu Qanunun 12.2-ci maddəsində göstərilmiş məcburi ayırmalar nəzərə alınmaqla, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 81.8-ci maddəsində nəzərdə tutulmuş qaydada sığorta ehtiyatları formalaşdırılır.
12.2. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsində nəzərdə tutulandan əlavə, bu Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sığortaçının qarşısıalınma tədbirləri fonduna 1 faiz həcmində, habelə bu Qanunun 28.3-cü, 30.1-ci, 30.3-cü və 31.1-ci maddələrində müəyyən edildiyi hallarda digər məcburi ayırmalar da həyata keçirilir.
12.3. Bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmalar, qanunda başqa cür nəzərdə tutulmamışdırsa, maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdıqdan sonra 20 gün ərzində müvafiq hesablara köçürülməlidir.
12.4. Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.
Maddə 13. Sığorta hadisəsi
13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır.
13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
13.5. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir.
Maddə 14. Sağlamlığa dəyən zərər
14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir:
14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması;
14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik);
14.1.3. şəxsin ölümü.
14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:
14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz;
14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz;
14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması:
14.2.3.1. I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz;
14.2.3.2. II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz;
14.2.3.3. III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz;
14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz;
14.2.5. yüngül xəsarət alması – 15 faiz.
14.3. Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 15. Əmlaka dəyən zərər
15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir.
15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir:
15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri;
15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər;
15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər;
15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.
Maddə 16. Zərərin müəyyənləşdirilməsi
16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir.
16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.
16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
Maddə 17. Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər
17.1. İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir:
17.1.1. aşağıdakı məlumatları əks etdirən sığorta tələbi:
17.1.1.1. icbari sığorta şəhadətnaməsinin tarixi və nömrəsi;
17.1.1.2. icbari sığortanın növü;
17.1.1.3. sığortalının adı;
17.1.1.4. sığorta olunanın adı;
17.1.1.5. sığorta hadisəsi hesab edilə bilən halın baş vermə yeri, tarixi və vaxtı;
17.1.1.6. sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı və səbəbi;
17.1.1.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəyən zərərin təsviri və əgər mümkündürsə, ehtimal olunan zərərin məbləği.
17.1.2. sığorta şəhadətnaməsinin surəti;
17.1.3. sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin notariat qaydasında təsdiqlənmiş surəti;
17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış;
17.1.5. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd;
17.1.6. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti;
17.1.7. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surətləri;
17.1.8. müvafiq hallarda üçüncü şəxs və ya sığorta olunan sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surətləri;
17.1.9. mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
17.1.10. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
17.1.11. bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş digər sənədlər.
17.2. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə bu Qanunda nəzərdə tutulmuş qaydada məlumat almış sığortaçı sığorta tələbinin bu Qanunun 17.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməsi üçün müraciət edən şəxsi sığorta tələbi üzrə sorğu vərəqi ilə təmin etməli və lazım olduqda həmin vərəqin doldurulması üçün ona köməklik etməlidir.
17.3. Sığorta tələbi barədə müraciət sığortaçı tərəfindən qeydiyyata alınır.
17.4. Sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.
17.5. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz.
Maddə 18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti
18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Maddə 19. Sağlamlığa dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası
19.1. Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir.
19.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
19.3. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər.
19.4. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir.
19.5. Mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərçəkənə verilir.
19.6. Sığorta olunan və ya üçüncü şəxs sağlamlığına dəymiş zərərə görə bu Qanunla nəzərdə tutulmuş sığorta ödənişini sağlığında tam və ya qismən almamışdırsa, ona verilməli olan sığorta ödənişinin məbləği və ya bu məbləğin qalan hissəsi faydalanan şəxs qismində onun ailə üzvlərinə ödənilir.
19.7. Sığorta olunan və ya üçüncü şəxs sığorta hadisəsi nəticəsində sağlamlığına dəymiş zərərdən bu hadisənin baş verdiyi tarixdən 3 il müddətində ölərsə, onun almış olduğu müvafiq sığorta ödənişinin məbləği ilə sığorta məbləği arasındakı fərq ailə üzvlərinə ödənilir.
19.8. Sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin sağlamlığına vurduğu zərərlər üzrə ayrı-ayrılıqda hesablanan sığorta məbləğinin ümumi həcmi müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.
19.9. Üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın qanunvericiliyə uyğun olaraq ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir.
Maddə 20. Əmlaka dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası
20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.
20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.
20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.
20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.
Maddə 21. Sığorta ödənişindən imtinanın əsasları
21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir:
21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;
21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;
21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda;
21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.
21.2. Bu Qanunun Xüsusi hissəsində icbari sığorta növləri üzrə sığorta ödənişinin verilməsindən imtinanın digər əsasları da nəzərdə tutula bilər.
Maddə 22. Sığortalının hüquqları və vəzifələri
22.1. Sığortalının aşağıdakı hüquqları vardır:
22.1.1. sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin sığortalının hüquq və vəzifələri barədə məlumat almaq;
22.1.2. sığorta şəhadətnaməsi itirildikdə, onun dublikatını almaq;
22.1.3. əmlaka və ya sağlamlığa dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı müstəqil ekspertin xidmətlərindən istifadə etmək;
22.1.4. sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq;
22.1.5. bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə sığorta ödənişini almaq;
22.1.6. bu Qanunun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda sığorta haqqı ilə bağlı güzəştlərdən istifadə etmək;
22.1.7. sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək;
22.1.8. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlar.
22.2. Sığortalının vəzifələri aşağıdakılardır:
22.2.1. müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan, sərbəst olaraq seçdiyi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq və sığorta haqlarını bu Qanunla və müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək;
22.2.2. sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə, o cümlədən müvafiq icbari sığorta növü üzrə əvvəlki sığorta müqavilələri, bu müqavilələr üzrə baş vermiş sığorta hadisələri və həyata keçirilmiş sığorta ödənişləri barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək;
22.2.3. sığorta predmetinə dair qüvvədə olan və ya sonradan bağlanan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vеrmək;
22.2.4. bu Qanunla üzərinə məlumatlandırma vəzifəsi qoyulmuş digər şəxslər tərəfindən müvafiq məlumat verilməmiş olduqda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və zərərçəkənlərin olması barədə, bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına, həmçinin sığortaçıya məlumat vermək;
22.2.5. sığorta hadisəsi hesab edilə bilən hal baş verdikdə, zərərçəkən(lər)ə müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat vermək;
22.2.6. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi zamanı və ondan dərhal sonra zərərin qarşısının alınması və (və ya) onun azaldılması, həmçinin əmlakın xilas еdilməsi istiqamətində, eyni zamanda zərər çəkmiş və ya zərər çəkmə еhtimalı olan şəxslərin həyatını və ya sağlamlığını xilas etmək üçün ağlabatan və mümkün olan bütün tədbirləri həyata keçirmək;
22.2.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yerdə və ya zərər dəymiş əmlakda sığortaçı və ya onun nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməmək;
22.2.8. zərər dəymiş və (və ya) zərər dəyməsinə səbəb olmuş əmlaka baxış keçirilməsi, baş vermiş hadisənin səbəblərinin, nəticələrinin, zərərin dərəcəsi və ya miqdarının araşdırılması üçün imkanları daxilində sığortaçıya şərait yaratmaq, habelə sığorta ödənişi verildikdə və müvafiq hallarda subroqasiya hüququnun həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya təqdim etmək;
22.2.9. baş vermiş, sığorta hadisəsi hesab edilə bilən halla əlaqədar özünə qarşı irəli sürülmüş bütün tələblər və iddialar barədə sığortaçıya məlumat vermək;
22.2.10. dəymiş zərərə görə təqsirli olan digər şəxslər tərəfindən verilmiş ödəmələr barədə sığortaçını xəbərdar etmək;
22.2.11. bu Qanunun Xüsusi bölməsinin tələblərinə uyğun olaraq, müvafiq hallarda sığorta ödənişini alarkən, əlavə sığorta haqqı ödəməklə sığorta məbləğini bərpa etmək;
22.2.12. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
22.3. Əgər icbari sığorta müqaviləsi üzrə sığortalı ilə sığorta olunan eyni şəxs deyilsə, sığortalının bu Qanunun 22.1.1-ci maddəsində nəzərdə tutulandan başqa digər hüquqları və 22.2.1, 22.2.2, 22.2.3, 22.2.11-ci maddələrində nəzərdə tutulanlardan başqa digər vəzifələri sığorta olunanın hüquq və vəzifələrinə də aiddir.
Maddə 23. Sığortaçının hüquq və vəzifələri
23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:
23.1.1. sığorta müqaviləsi bağlayarkən, sığorta riskini qiymətləndirərkən lazım olan müvafiq məlumatları və sənədləri sığortalıdan və ya sığorta olunandan tələb etmək, habelə icbari sığorta müqaviləsinin aid olduğu əmlaka baxış keçirmək;
23.1.2. icbari sığorta haqlarını sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada almaq;
23.1.3. sığorta müqaviləsinin aid olduğu sahələrə (binalara, tikililərə və s.) daxil olmaq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək;
23.1.4. sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq;
23.1.5. sığorta ödənişi verilərkən, müvafiq hallarda icbari sığorta şəhadətnaməsinin geri alınması üçün həmin şəhadətnaməni sığortalıdan və ya sığorta olunandan tələb etmək;
23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;
23.1.7. sığorta ödənişi verməsi ilə bağlı maraqlarından irəli gələn hallarda sığortalını və ya sığorta olunanı məhkəmədə təmsil etmək;
23.1.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlar.
23.2. Sığortaçının vəzifələri aşağıdakılardır:
23.2.1. sığortalını və sığorta olunanı müvafiq icbari sığortanın şərtləri, onun icbarı sığorta müqaviləsindən irəli gələn hüquq və vəzifələri ilə tanış etmək və bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqəsini vermək;
23.2.2. sığorta riskini özü və ya nümayəndəsi, o cümlədən Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya müstəqil ekspertlər vasitəsilə qiymətləndirmək;
23.2.3. sığortalılardan sığorta haqqını aldıqdan sonra sığorta şəhadətnaməsini bu Qanunla müəyyən edilmiş müddətdə vermək;
23.2.4. bu Qanunla nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinə dəyişikliklər etmək;
23.2.5. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyata almaq;
23.2.6. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan ən geci 3 iş günü ərzində bu hadisənin baş verməsi faktını təsdiq edən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vermək;
23.2.7. müvafiq səlahiyyətli orqan, idarə, müəssisə və ya təşkilatlardan dəymiş zərərin dərəcəsi və ya miqdarı barədə arayışları və digər sənədləri almaq üçün yazılı müraciət etmək;
23.2.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
23.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
Maddə 24. Zərərçəkənin hüquqları
24.1. Zərərçəkənin aşağıdakı hüquqları vardır:
24.1.1. nəticəsində ona zərər dəymiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi haqqında sığortaçıya məlumat vermək;
24.1.2. sığortalının və ya sığorta olunanın əvəzinə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri yığmaq və onları sığortalı ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıya təqdim etmək;
24.1.3. sığortaçı tərəfindən aparılan, sığorta hadisəsi hesab edilə bilən halın araşdırılmasının və sığorta ödənişi məbləğinin müəyyənləşdirilməsinin gedişatı və nəticələri ilə tanış olmaq;
24.1.4. müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək;
24.1.5. bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq;
24.1.6. sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək;
24.2. Bu Qanunla müəyyən edilmiş hallarda zərərçəkənin bu maddədə nəzərdə tutulmuş hüquqları digər faydalanan şəxslərə keçir.
Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları
25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;
25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;
25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;
25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.
25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;
25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə;
25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda.
25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
25.3. Bu Qanunun Xüsusi bölməsində icbari sığortanın ayrı-ayrı növləri üzrə sığortaçının subroqasiya hüququnun digər əsasları və hər bir halda müvafiq sığorta ödənişi məbləğindən çox olmayan digər məbləğləri də nəzərdə tutula bilər.
25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir.
Maddə 26. Sığortaçının qarşısıalınma tədbirləri fondu
26.1. Sığortaçı baş verə biləcək sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin, o cümlədən bununla bağlı təbliğat-təşviqat işlərinin maliyyələşdirilməsi, habelə belə hallar baş verdikdə zərərin qarşısının alınmasına və azaldılmasına yönələn lazımi xərclərin ödənilməsi üçün bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq məcburi ayırmalar hesabına qarşısıalınma tədbirləri fondunu formalaşdırmalıdır.
26.2. Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlər bu Qanunda nəzərdə tutulmuş hər bir icbari sığorta növü üzrə ayrılıqda hesablanmalı və maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən təyinatlar üzrə istifadə olunmalıdır.
Maddə 27. İcbari Sığorta Bürosu
27.1. İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır:
27.1.1. Bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsi zamanı, həmçinin icbari sığortalara dair beynəlxalq sığorta sistemləri çərçivəsində iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etmək;
27.1.2. iştirakçılarının bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsi ilə əlaqədar maraqlarını dövlət hakimiyyət və yerli idarəetmə orqanlarında, habelə digər orqan və təşkilatlarda təmsil və müdafiə etmək;
27.1.3. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
27.1.4. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə hadisələrin araşdırılması və zərərlərin qiymətləndirilməsi ilə bağlı texniki ekspert müayinələrinin həyata keçirilməsi üçün metodoloji təlimatlar işləyib hazırlamaq və tətbiq etmək;
27.1.5. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla münasibətlərdə Büronun iştirakçılarını təmsil etmək;
27.1.6. Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək;
27.1.7. bu Qanunda nəzərdə tutulan elektron informasiya sisteminin mövcudluğunu, istifadəsini və onun digər elektron informasiya sistemləri ilə əlaqələndirilməsini təmin etmək;
27.1.7–1. özünün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta hadisələrinin sayının və dəyən zərərlərin azaldılması istiqamətində maarifləndirmə ilə əlaqədar həyata keçirilən tədbirləri maliyyələşdirmək;
27.1.7–2. icbari sığortalara dair beynəlxalq sığorta sistemlərinin iştirakçıları ilə qarşılıqlı əməkdaşlığı həyata keçirmək;
27.1.7–3. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icbari sığorta şəhadətnamələrinin blanklarını mərkəzləşdirilmiş qaydada çap etdirməklə sığortaçılara ödənişsiz təqdim etmək və onların uçotunu aparmaq;
27.1.8. nizamnaməsində müəyyən edilmiş məqsəd və vəzifələrinə uyğun digər funksiyaları həyata keçirmək.
27.2. Bu Qanunda nəzərdə tutulan hər hansı icbari sığorta növünü aparmağa icazə almaq və bu növ üzrə fəaliyyət göstərmək üçün sığortaçı Büronun iştirakçısı olmalı və müvafiq icbari sığorta növü üzrə müəyyən edilmiş məbləğdə təminat depoziti yerləşdirməlidir.
27.3. Büronun nizamnaməsinə edilən dəyişikliklər hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu dəyişikliklərin Büronun bu Qanunla müəyyən edilmiş məqsəd və funksiyalarına uyğunluğu barədə maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi ilə birlikdə təqdim edilməlidir.
27.4. Büro bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər.
Maddə 28. Büroda iştirakın qaydası
28.1. Büronun iştirakçısı olmaq istəyən sığortaçı müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ilkin razılığı ifadə olunan sənədin əlavə olunduğu rəsmi müraciətini Büroya təqdim etməlidir.
28.2. İştirakçı sığortaçı ilə Büro arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsində nəzərdə tutulur.
28.3. İştirak haqqı Büronun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu məbləğdir.
28.4. İştirak haqqının məbləği maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
28.5. İştirak haqqının ödənilməsini və bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitinin yerləşdirilməsini təsdiq edən sənədlərin Büroya daxil olduğu tarixdən sığortaçı Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edilir.
28.6. Bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn və müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ilkin razılığı ifadə olunan sənədi əldə etmiş hər bir sığortaçı Büronun iştirakçıları sırasına daxil edilir.
28.7. İştirakçı sığortaçıların bu Qanunun 28.6-cı maddəsində göstərilmiş tələblərə uyğun gələn və maliyyə bazarlarına nəzarət orqanının ilkin razılığını əldə etmiş sığortaçının Büronun iştirakçı sığortaçıları sırasına daxil edilməsi hüququ ilə razılıqlarını ifadə edən müddəa Büronun nizamnaməsində əks edilir.
Maddə 29. Büroda iştiraka xitam verilməsi
29.1. Sığortaçının Büroda iştirakına aşağıdakı əsaslarla xitam verilir:
29.1.1. İştirakçı sığortaçıya sığorta fəaliyyətinə verilmiş lisenziya dayandırıldıqda və ya ləğv edildikdə;
29.1.2. İştirakçı sığortaçının bu Qanunda nəzərdə tutulmuş bütün icbari sığorta növləri üzrə fəaliyyəti məhdudlaşdırıldıqda.
29.2. Büroda iştiraka xitam verildiyi halda, Büro müvafiq sığortaçını iştirakçı sığortaçıların reyestrindən dərhal çıxarır və bu barədə özünün rəsmi internet səhifəsində məlumat yerləşdirməklə, 2 iş günü ərzində həmin sığortaçıya və maliyyə bazarlarına nəzarət orqanına bildiriş göndərir.
29.3. Büroda iştiraka xitam verilməsi sığortaçını xitam verilmə tarixinədək bağladığı müvafiq icbari sığorta müqavilələri üzrə bu Qanunda nəzərdə tutulmuş təqvim haqlarını və əlavə haqları ödəmək öhdəliyindən azad etmir.
29.4. İştirakçı sığortaçıya sığorta fəaliyyətinə verilmiş lisenziya ləğv edildikdə onun Büroda iştirakı ilə bağlı öhdəliklərinin icrası həmin sığortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası tərəfindən həyata keçirilir.
Maddə 30. İştirakçı sığortaçıların təminat depoziti və təqvim haqları
30.1. Təminat depoziti kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi Büronun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödədiyi məbləğdir.
30.2. Təminat depozitinin məbləği maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
30.3. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır.
30.4. Sığortaçı təqvim haqlarını Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi tarixdən bu Qanunun 29.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, Büroda iştirakına xitam verildiyi tarixədək ödəyir.
30.5. Təqvim haqlarının hesablanması üçün ilk hesabat dövrü sığortaçının Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi rübün birinci günündən növbəti rübün birinci gününədək olan dövr hesab edilir.
30.6. Təqvim haqları sığortaçının Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi gündən başlayaraq, icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının 5 faizi həcmində ödənilir.
30.7. Təqvim haqları hər ay üzrə həmin ayın son tarixindən 15 təqvim günü ərzində Büronun müvafiq hesabına köçürülür.
Maddə 31. İştirakçı sığortaçıların əlavə haqları
31.1. Kompensasiya ödənişlərinin verilməsi üçün Büronun kompensasiya ödənişləri ehtiyatı kifayət etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Büronun istifadə etdiyi öz vəsaiti iştirakçı sığortaçılar tərəfindən ödənilən əlavə haqlar hesabına kompensasiya olunur.
31.2. Büro tərəfindən tələb olunduğu halda əlavə haqların ona ödənilməsinə təminat yaratmaq məqsədi ilə sığortaçı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada şərti öhdəliklər ehtiyatı formalaşdırır.
31.3. İştirakçı sığortaçının ödəməli olduğu əlavə haqların məbləği onun bu Qanunda nəzərdə tutulmuş müvafiq icbari sığorta növünə aid sığorta müqavilələri üzrə son bir il müddətində daxil olan sığorta haqlarının bütün iştirakçı sığortaçıların həmin növə aid sığorta müqavilələri üzrə həmin müddət ərzində daxil olan sığorta haqlarına nisbətinə mütənasib olaraq müəyyən edilir.
31.4. Əlavə haqların ödənilməsinə zərurət yarandıqda, bu haqların hər bir konkret hal üzrə ödənilmə üsulu və müddətini maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.
Maddə 32. Kompensasiya ödənişlərinin təyinatı
32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir:
32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə;
32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda;
32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, bir şərtlə ki, zərərçəkən zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı tələb irəli sürməsinə baxmayaraq, bu tələb təmin edilməmiş olsun.
32.2. Bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sığorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə sığorta olunan və ya zərərçəkən üçüncü şəxs, 5-ci fəsli üzrə isə sığortalı və ya sığorta olunan kompensasiya ödənişini tələb etmək hüququna malikdirlər.
32.3. Bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sığorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə zərərçəkən üçüncü şəxs, ona dəymiş zərəri ödəmiş olduğu halda isə sığorta olunan, 5-ci fəsli üzrə sığorta olunan, ona dəymiş zərəri ödəmiş olduğu halda isə sığortalı kompensasiya ödənişini almaq hüququna malikdirlər.
32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir.
Maddə 33. Kompensasiya ödənişlərinin həyata keçirilməsi
33.1. Kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir.
33.2. Kompensasiya ödənişləri üzrə bu ödənişi almaq hüququna malik olan şəxslə Büro arasındakı münasibətlərə müvafiq icbari sığorta ilə bağlı faydalanan şəxs və sığortaçı arasındakı münasibətlər üzrə bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş tələblər tətbiq olunur.
33.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi o zaman verilir ki, üçüncü şəxsin sağlamlığına zərər dəyməsinə səbəb olmuş hadisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin mövcud olmasının şərti olaraq hesab edildiyi halda sığorta hadisəsi kimi qiymətləndirilə bilsin.
33.4. Kompensasiya ödənişləri müvafiq icbari sığorta növünə dair bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta ödənişlərinin verilməsi üçün nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilir.
33.5. Kompensasiya ödənişləri hesablanarkən hər hansı sığortaçı və (və ya) zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır.
Maddə 34. Büronun maliyyə bazarlarına nəzarət orqanı ilə qarşılıqlı münasibətləri
34.1. Maliyyə bazarlarına nəzarət orqanı Büronun fəaliyyətinin, o cümlədən kompensasiya ödənişlərinin həyata keçirilməsinin tənzimlənməsinə dair müvafiq normativ xarakterli aktlar qəbul edir.
34.2. Büro iştirakçı sığortaçıların bu Qanunla, həmçinin maliyyə bazarlarına nəzarət orqanının qayda və təlimatları ilə müəyyən olunmuş tələblərə riayət etməməsi, habelə öhdəliklərini bu Qanuna və ya Büronun nizamnaməsinə uyğun yerinə yetirməməsinə dair ona məlum olan faktlar barədə maliyyə bazarlarına nəzarət orqanına məlumat verir.
34.3. Maliyyə bazarlarına nəzarət orqanı iştirakçı sığortaçıda kompensasiya ödənişinin verilməsi üçün əsas ola biləcək halları aşkar etdikdə, habelə aşağıdakı qərarlardan hər hansı birini qəbul etdiyi tarixdən 1 iş günü müddətində bu barədə Büroya məlumat göndərir:
34.3.1. sığorta fəaliyyətinə lisenziyanın verilməsi;
34.3.2. sığortaçının yenidən təşkil olunması;
34.3.3. iştirakçı sığortaçının lisenziyasının bu Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növü üzrə məhdudlaşdırılması və ya bərpası;
34.3.4. iştirakçı sığortaçının lisenziyasının qüvvəsinin dayandırılması və ya bərpası;
34.3.5. iştirakçı sığortaçıya müvəqqəti inzibatçının təyin edilməsi;
34.3.6. iştirakçı sığortaçının sığorta fəaliyyətinə verilmiş lisenziyasının ləğvi.
34.4. Maliyyə bazarlarına nəzarət orqanı nəzarət funksiyalarını həyata keçirərkən, iştirakçı sığortaçıların bu Qanuna uyğun olaraq Büro qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi, o cümlədən Büroya ödənilməli olan məbləğlərin tam və ya düzgün ödənilməməsi hallarını aşkar etdikdə, belə halların aradan qaldırılması barədə həmin sığortaçıya icrası məcburi olan göstəriş verərək bu barədə Büronu məlumatlandırır.
Maddə 34-1. İcbari sığortalar üzrə informasiya sistemi
34-1.1 Bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə məlumat mübadiləsinin və icbari sığorta növlərinin həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslər və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra – “informasiya sistemi”) qurulur və istifadəsi təmin edilir.
34-1.2. İnformasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsini və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunan vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır.
34-1.3. İnformasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət maliyyə bazarlarına nəzarət orqanının nəzarəti altında Büro tərəfindən həyata keçirilir.
Maddə 34-2. İnformasiya sisteminin məlumatlarla təchiz edilməsi
34-2.0. Müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir:
34-2.0.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar;
34-2.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;
34-2.0.3. hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hüquqi ünvanı;
34-2.0.4. nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olunan məlumatlar;
34-2.0.5. hər hansı şəxsin əmək müqaviləsinin mövcudluğu, həmin müqavilənin digər tərəfinin tam adı, bağlandığı tarix və müddəti barədə məlumatlar;
34-2.0.6. orta aylıq əmək haqqı miqdarının hesablanması üçün tələb olunan məlumatlar.
Maddə 34-3. İnformasiya sisteminin istifadəsinə dair əsas tələblər
34-3.1. Maliyyə bazarlarına nəzarət orqanı, müvafiq icra hakimiyyəti orqanı, Büro, Büronun iştirakçısı olan sığortaçılar, həmçinin sığortalılar informasiya sisteminin istifadəçiləri hesab edilirlər.
34-3.2. Müvafiq məlumatların informasiya sisteminə daxil edilməsi yolu ilə icbari sığorta müqaviləsinin bağlanması və müqavilədə əks olunan bütün məlumatların həmin sistemdə saxlanılması sığortaçı tərəfindən təmin edilməlidir.
34-3.3. Sığortaçı və Büro baş vermiş sığorta hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək imkanına malik olmaqla yanaşı, sığorta hadisəsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlumatları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər.
34-3.4. İnformasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir. Sığorta müqaviləsi bağlanarkən sığortalını bu imkanın hüquqi və texniki xüsusiyyətləri barədə aydın yazılı şəkildə məlumatlandırmaq sığortaçının vəzifəsidir.
34-3.5. Məlumatı informasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.
Maddə 34-4. İnformasiya sistemindən məlumatların əldə edilməsi
34-4.0. İnformasiya sisteminin istifadəçiləri onun informasiya ehtiyatından aşağıdakı məlumatları əldə etmək imkanına malikdirlər:
34-4.0.1. Sığortalılar – bağladıqları sığorta müqavilələri və həmin müqavilələr üzrə verilmiş sığorta ödənişləri barədə məlumatlar;
34-4.0.2. Büronun iştirakçısı olan sığortaçılar – özlərinin bağladığı sığorta müqavilələri və öz tərəflərindən verilmiş sığorta ödənişlərinə münasibətdə ayrı-ayrı, həmçinin ümumiləşdirilmiş məlumatlar;
34-4.0.3. maliyyə bazarlarına nəzarət orqanı və Büro – informasiya sisteminin informasiya ehtiyatında olan istənilən məlumatlar;
34-4.0.4. müvafiq icra hakimiyyəti orqanı – informasiya sisteminin şamil olunduğu icbari sığorta növləri üzrə üzərinə icbari sığorta etdirmək vəzifəsi qoyulmuş şəxslərin bağladığı icbari sığorta müqavilələrinin mövcudluğunun təsdiqi, sığorta müqaviləsinin tərəfi olan sığortaçının adı, sığorta şəhadətnaməsinin nömrəsi və qüvvədə olma müddəti barədə məlumatlar.
II. XÜSUSİ BÖLMƏ
2-ci fəsil
Daşınmaz əmlakın icbari sığortası
Maddə 35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı
35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
35.3. Aşağıdakılar icbari sığortaya cəlb olunmur:
35.3.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak;
35.3.2. tikintisi başa çatmayan daşınmaz əmlak;
35.3.3. qəzalı vəziyyətdə olan daşınmaz əmlak;
35.3.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak.
35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
35.5. Yaşayış binası bu Fəslin tələblərinə uyğun olaraq icbari sığorta etdirilmiş olduğu halda, həmin binada yerləşən qeyri-yaşayış sahələrinin bu Fəslin məqsədləri üçün icbari sığorta etdirilməsi tələb olunmur.
Maddə 36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi
36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
36.1.1. yanğın, ildırım düşməsi;
36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
36.1.3. elektrik naqillərində baş verən qısa qapanma;
36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
36.1.9. üçüncü şəxslərin hərəkətləri.
36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir.
36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:
36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi;
36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.
Maddə 37. Daşınmaz əmlakını icbari sığorta etdirməli olan şəxslər
Mülkiyyətində bu Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.
Maddə 38. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalı
Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.
Maddə 39. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri və azadolma məbləğləri
39.1. Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:
39.1.1. tikililər və binalar üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır;
39.1.2. Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində.
39.2. Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır.
39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:
39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;
39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat;
39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat.
39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.
Maddə 40. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqları
40.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın
təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.
40.2. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
40.3. Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.
Maddə 40–1. Daşınmaz əmlakın icbari sığortası üzrə təkrarsığorta əməliyyatlarına dair əlavə tələb
Sığortaçıların təbii fəlakətlər üzrə verdiyi sığorta təminatları ilə bağlı risklər Büro tərəfindən müəyyən edilən vahid təkrarsığorta proqramına uyğun olaraq təkrarsığorta etdirilir. Belə risklərin təkrarsığorta etdirilməsi zamanı Büro iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış edir.
Maddə 41. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişi
41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
41.2. Şəxs mülkiyyətində və (və ya) sahibliyində olan bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlakını sığorta etdirmək vəzifəsini yerinə yetirmədikdə, həmin əmlaka dəymiş zərərə görə dövlət vəsaiti hesabına kompensasiya verilməsi barədə səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq qərar verildiyi halda, ödənilə biləcək belə kompensasiyanın məbləği zərər məbləğinin 20%-dən artıq ola bilməz.
3-cü fəsil
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
Maddə 42. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının məqsədi və təyinatı
42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
42.2. Təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.
42.3. Bu Fəslin məqsədləri üçün istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.
Maddə 43. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini icbari sığorta etdirməli olan şəxslər
43.1. Mülkiyyətində bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlak olan və ya belə əmlaka faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmüş və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən müvafiq şəxslər bu Fəslin məqsədləri üçün həmin əmlakın sahibi hesab olunurlar.
43.2. Aşağıdakı şəxslər sahibi olduğu, bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir:
43.2.1. hüquqi şəxslər;
43.2.2. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Maddə 44. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsi
44.1. Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:
44.1.1. elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
44.1.2. qaz partlayışı;
44.1.3. elektrik naqillərində baş verən qısa qapanma;
44.1.4. su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
44.1.5. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.
Maddə 45. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və sığorta olunan
45.1. Sahibi olduğu daşınmaz əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı üçüncü şəxslərə vurulan zərərə görə əmlak mənafelərinin sığortası üzrə sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.
45.2. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, bu Fəslə uyğun olaraq istismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlakı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
Maddə 46. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslər
Bu Qanunun 7-ci maddəsində müəyyən edilən istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın olduğu yerə, həmçinin inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparıldığı əraziyə giriş müvafiq qaydada qadağan olunmadığı halda, həmin əraziyə daxil olan belə şəxslər, habelə onların ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.
Maddə 47. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta məbləğləri
47.1. Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
47.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
47.1.2. əmlaka dəyən zərər üzrə 50.000 manat.
Maddə 48. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqları
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının məbləği müvafiq əmlakın təyinatından asılı olaraq, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Maddə 49. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta ödənişi və subroqasiya hüququ
49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.
4-cü fəsil
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
Maddə 50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı
50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
50.2. Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:
50.2.1. Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:
50.2.1.1. minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
50.2.1.2. yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
50.2.1.3. mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
50.2.1.4. motosiklеtlər və motorollerlər;
50.2.1.5. traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.
50.2.2. trollеybuslar və tramvaylar.
Maddə 50–1. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin növləri
50–1.0. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin aşağıdakı növləri var:
50–1.0.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi (bundan sonra - standart sığorta müqaviləsi);
50–1.0.2. digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən bu Qanunun 63–1.2-ci maddəsində nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sığorta müqaviləsi (bundan sonra - sərhəd sığorta müqaviləsi);
50–1.0.3. bu Qanunun 4–1-ci fəslinə uyğun olaraq bağlanmış beynəlxalq sığorta müqaviləsi (bundan sonra - Azərbaycan Yaşıl Kartı).
Maddə 50–2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyətlə məşğul olmaq istəyən sığortaçılara dair əlavə tələb
Sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməsi üçün bu Qanunun 63–4-cü maddəsində nəzərdə tutulmuş Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilməlidir.
Maddə 50–3. Standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına dair əlavə tələb
Bu Qanunun 50–1.0.1-ci və 50–1.0.2-ci maddələrində nəzərdə tutulan icbari sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanır.
Maddə 51. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə dair əlavə tələb və ona xitam verilməsinin əlavə əsası
51.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız bu Fəsildə nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.
51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir.
51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var.
Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi
52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir.
Maddə 52–1. Avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi üzrə əlavə tələb
52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir:
52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;
52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.
52–1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir.
52–1.3. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Maddə 53. Mülki məsuliyyəti icbari sığorta etdirilməli olan avtonəqliyyat vasitəsi sahibləri, sığortalı və sığorta olunan
53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.
53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir.
53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
Maddə 54. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslər
Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.
Maddə 55. Növündən asılı olaraq, icbari sığorta müqaviləsinin müddəti və qüvvəyə minməsi
55.1. Standart sığorta müqaviləsi 12 ay müddətinə bağlanır.
55.2. Sərhəd sığorta müqaviləsi bir, üç, altı və ya on iki ay müddətinə bağlanır.
55.3. Azərbaycan Yaşıl Kartı bir, üç, altı və ya on iki ay müddətinə bağlanır.
55.4. Sərhəd sığorta müqaviləsi bağlandığı andan qüvvəyə minir.
55.5. Standart sığorta müqaviləsi şəhadətnamədə başqa cür müəyyən edilməmişdirsə, bağlandığı andan qüvvəyə minir.
55.6. Azərbaycan Yaşıl Kartı, onda başqa cür müəyyən edilməmişdirsə, bağlandığı andan qüvvəyə minir.
Maddə 56. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri
56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.
Maddə 57. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları
57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilir.
57.2. Bir ay müddətinə bağlanmış icbari sığorta müqavilələri üzrə sığorta haqqı müvafiq illik sığorta haqqının 20 faizi nisbətində ödənilir.
Maddə 58. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi
58.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişinin verilməsi üçün bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq sənədlərlə yanaşı, sığorta olunanın sürücülük vəsiqəsinin surəti də tələb olunur.
58.2. Bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə tələb olunmur:
58.2.1. Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti bu Fəsildə nəzərdə tutulmuş qaydada sığortalanmış olduqda;
58.2.2. hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
58.2.3. hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
58.2.4. hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.
58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
58.3-1. Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.
58.3–2. Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.
58.4. Bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışın bu Fəslin məqsədləri üçün tələb olunan forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
58.5. Bu Qanunun 58.2-ci maddəsində nəzərdə tutulmuş protokolun forması və tərtib edilmə qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Maddə 59. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi
59.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə məlumat mübadiləsinin və bu sığortanın həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə həmin icbari sığorta üzrə, o cümlədən icbari sığorta müqavilələri və sığorta hadisələri, sığortaçılar, sığortalılar, sığorta olunanlar, zərərçəkən şəxslər və (və ya) zərərvurulan əmlak, avtonəqliyyat vasitələri və onların sahibləri haqqında, habelə müvafiq icbari sığorta müqavilələri üzrə statistik və digər məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra “informasiya sistemi”) qurulur və istifadəsi təmin edilir.
59.2. İnformasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsi və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunaqlı vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır.
59.3. İnformasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət sığorta nəzarəti orqanının nəzarəti altında Büro tərəfindən həyata keçirilir.
Maddə 60. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sisteminin məlumatlarla təchiz edilməsi
60.1. İnformasiya sisteminin qurulması və istifadəsinin təmin edilməsi zamanı həmin sistemin funksiyalarının səmərəli və vaxtında həyata keçirilməsi üçün Büro fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət orqanlarından məlumatlar, o cümlədən sığorta sirrini təşkil edən məlumatlar almaq hüququna malikdir.
60.2. Müvafiq icra hakimiyyəti orqanları öz elektron informasiya ehtiyatlarında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatların informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidirlər:
60.2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar;
60.2.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;
60.2.3. hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hüquqi ünvanı;
60.2.4. avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olunan məlumatlar.
Maddə 61. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sisteminin istifadəsinə dair əsas tələblər
61.1. Sığorta nəzarəti orqanı, müvafiq icra hakimiyyəti orqanı, Büro və Büronun iştirakçısı olan sığortaçılar informasiya sisteminin istifadəçiləri hesab edilirlər.
61.2. İcbari sığorta müqaviləsinin müvafiq məlumatların informasiya sisteminə daxil edilməsi yolu ilə bağlanması və müqavilədə əks olunan bütün məlumatların həmin sistemdə saxlanılması sığortaçı tərəfindən təmin edilməlidir.
61.3. Sığortaçı və Büro baş vermiş sığorta hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək imkanına malik olmaqla yanaşı, sığorta hadisəsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlumatları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər.
61.4. İnformasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir.
61.5. İnformasiya sisteminə daxil edilmiş hər hansı məlumata yalnız Büronun razılığı ilə və həmin məlumatı daxil etmiş istifadəçi tərəfindən düzəliş edilə bilər.
61.6. Məlumatı informasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.
61.7. İnformasiya sisteminin istifadəçiləri həmin sistem vasitəsilə əldə etdikləri fərdi məlumatların, habelə sığorta sirri hesab edilən məlumatların istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməməyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 62. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemindən emal olunmuş məlumatların əldə edilməsi
62.1. Sığorta müqavilələri və sığorta hadisələri barədə informasiya sisteminin informasiya ehtiyatından emal edilərək ümumiləşdirilmiş məlumatları yalnız aşağıdakı şəxslər əldə etmək imkanına malik olmalıdırlar:
62.1.1. Özlərinin bağladığı sığorta müqavilələri və öz tərəflərindən verilmiş sığorta ödənişlərinə münasibətdə Büronun iştirakçısı olan sığortaçılar;
62.1.2. İnformasiya sisteminin informasiya ehtiyatında olan bütün məlumatlara münasibətdə sığorta nəzarəti orqanı və Büro.
Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ
63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.
63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir.
63.4. Zərərvuranın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə bu Qanunun 32.1.3-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişinin həyata keçirilməsi zamanı subroqasiya hüququ yaranmır.
63.5. Bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır.
4–1-ci fəsil
Yaşıl Kart Sistemi
Maddə 63–1. Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar
63–1.1. Bu fəsildə avtonəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi ölkədən xaricdə istifadəsi zamanı üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta ödənişlərinin verilməsini təmin edən, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən beynəlxalq avtonəqliyyat vasitələri sığortası kart sisteminə (bundan sonra - Yaşıl Kart Sistemi) aid məsələlər tənzimlənir.
63–1.2. Yaşıl Kart – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda Yaşıl Kart Sisteminin idarəedici təşkilatı olan Bürolar Şurası (bundan sonra - Bürolar Şurası) tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir.
63–1.3. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin tənzimlənməsi Bürolar Şurasının Baş Assambleyası tərəfindən 2002-ci il 30 may tarixində qəbul edilmiş, 2008-ci il 29 may tarixində yenilənmiş və Bürolar Şurası tərəfindən vaxtaşırı dəyişdirilə bilən qaydalarda (bundan sonra - Daxili Reqlament) və Bürolar Şurasının bildirişləri, qaydaları və təlimatlarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.
63–1.4. Azərbaycan Respublikasında Yaşıl Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını Büro həyata keçirir.
63–1.5. Büro öz iştirakçılarını Yaşıl Kart blankları ilə mərkəzləşdirilmiş qaydada təmin edir. Yaşıl Kart blankı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Quru Nəqliyyatı Komitəsinin Yol nəqliyyatı üzrə işçi qrupu tərəfindən 1949-cu il 25 yanvar tarixində qəbul olunmuş, 2004-cü il 17-19 fevral tarixlərində keçirilən 66-cı sessiyada Quru Nəqliyyatı Komitəsinin qəbul etdiyi yol nəqliyyatının təkmilləşdirilməsi üzrə yenilənərək konsolidasiya edilmiş Qərarın 1 saylı Əlavəsi ilə əvəz olunmuş 5 saylı Tövsiyədə (bundan sonra - 5 saylı Tövsiyə) nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.
63–1.6. Büronun iştirakçıları fərdi, yaxud kollektiv qaydada zərərlərin tənzimlənməsini Büroya həvalə edə bilərlər.
Maddə 63–2. Yaşıl Kart Sisteminə aid ümumi tələblər
63–2.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl, bu Qanunun 50–1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsini bağlayaraq Azərbaycan Yaşıl Kartını əldə etməlidir.
63–2.2. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla bağlayır.
63–2.3. Azərbaycan Yaşıl Kartı yalnız onda göstərilənlərin siyahısından istisna edilməyən ölkələrin ərazilərində qüvvədə hesab edilir.
63–2.4. Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının ərazisinə daxil olarkən, sərhəd sığorta müqaviləsini bağlamaq tələb olunmur.
63–2.5. Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş və qüvvədə olan Azərbaycan Yaşıl Kartına malik avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən Yaşıl Kart Sisteminin tətbiq edildiyi digər ölkədə vurulan zərər üçün sığorta məbləğləri kimi həmin ölkənin qanunlarına uyğun olaraq müəyyən edilmiş sığorta məbləğlərinin və bu Qanunun 56.1-ci maddəsində nəzərdə tutulmuş sığorta məbləğlərinin böyük olanı götürülür.
63–2.6. Büro Yaşıl Kart Sistemi çərçivəsində iştirakçılarının öhdəliklərinə görə öhdəlik daşıyır, iştirakçı sığortaçılar isə Büronun öhdəlikləri üçün birgə və fərdi məsuliyyət daşıyırlar.
Maddə 63–3. Büronun Yaşıl Kart Sistemində iştirakla bağlı funksiyaları
63–3.0. Büro Yaşıl Kart Sistemində iştirakla və Bürolar Şurasında üzvlüyü ilə əlaqədar aşağıdakı funksiyaları həyata keçirir:
63–3.0.1. Yaşıl Kart Sistemində iştirakla bağlı iştirakçılarının fəaliyyətini təmin etmək;
63–3.0.2. Yaşıl Kart Sistemində iştirakla əlaqədar Büro və onun iştirakçıları üçün məcburi xarakter daşıyan qayda və təlimatlar hazırlamaq və qəbul etmək, həmin qayda və təlimatlara riayət olunmadıqda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə uyğun olaraq təqdimat verilməsi üçün maliyyə bazarlarına nəzarət orqanı qarşısında vəsatət qaldırmaq;
63–3.0.3. Azərbaycan Yaşıl Kart blanklarının formasını 5 saylı Tövsiyədə müəyyən edilmiş tələblərə uyğun şəkildə təsdiq etmək, həmin blankları mərkəzləşdirilmiş qaydada çap etdirmək;
63–3.0.4. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və sahibinin mülki məsuliyyəti sığortalanmış avtonəqliyyat vasitələrinin xaricdə istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi ilə bağlı iştirakçısının adından və onun vəsaitləri hesabına xarici ölkələrin yaşıl kart bürolarına zəmanət vermək;
63–3.0.5. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi və belə zərərlərə görə sığorta ödənişlərinin həyata keçirilməsinə dair zəmanət vermək;
63–3.0.6. Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçı sığortaçılarını təmsil etmək;
63–3.0.7. xarici ölkələrin Yaşıl Kart büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlər bağlamaq;
63–3.0.8. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələri sahiblərinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində dəymiş zərərlə bağlı sığorta ödənişlərinin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini təmin etmək, bununla əlaqədar yaranan hüquqlarını həyata keçirmək üçün Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada zəruri hərəkətlər etmək, habelə belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının bildiriş, qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;
63–3.0.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkələrin ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada tənzimlənməsini təşkil etmək və ya əvəzini bilavasitə ödəmək, belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;
63–3.0.10. ödəmə qabiliyyətini itirmiş, verdiyi Yaşıl Kart saxta hesab edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə məşğul olmaq icazəsi ləğv edilmiş və ya ləğvetmə prosesinə başlanılmış iştirakçı sığortaçıların Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə xarici ölkələrin Yaşıl Kart bürolarına zəmanət vermək;
63–3.0.11. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar, Bürolar Şurasının qayda və təlimatları ilə tələb olunan qaydada maliyyə təminatını (Büronun Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə bank zəmanətini və təkrarsığorta proqramını) maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla Bürolar Şurasına təqdim etmək;
63–3.0.12. iştirakçı sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyəti ilə əlaqədar maliyyə öhdəliklərini əhatə etmək məqsədilə bu Qanunla müəyyən edilmiş qaydada cari öhdəliklər ehtiyatını formalaşdırmaq;
63–3.0.13. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət üzrə məlumat mübadiləsini və nəzarəti təmin etmək məqsədilə informasiya sisteminə malik olmaq, həmçinin informasiya və təşkilati-texniki təminatın həyata keçirilməsi üçün tədbirlər görmək;
63–3.0.14. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin qiymətləndirilməsinin təmin olunması istiqamətində tədbirlər görmək;
63–3.0.15. Yaşıl Kart Sistemi çərçivəsində sığorta risklərinin bölüşdürülməsi üzrə vahid təkrarsığorta proqramını müəyyən etmək və belə risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta müqavilələrində iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış etmək;
63–3.0.16. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar bu Qanundan, Daxili Reqlamentdən və ya Bürolar Şurasının qəbul etdiyi qayda və ya təlimatlardan irəli gələn digər funksiyaları yerinə yetirmək.
Maddə 63–4. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestri
63–4.1. Yalnız Büronun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə yol verilir. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini aparır.
63–4.2. Büronun iştirakçısı olan sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edildiyi tarixdən həmin sistem çərçivəsində fəaliyyət göstərə bilər.
63–4.3. Büro tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba məbləği maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilən birdəfəlik pul vəsaiti yerləşdirdiyi halda məcmu kapitalı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilir.
63–4.4. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilən sığortaçı barədə məlumatı onun reyestrə daxil edildiyi tarixdən 5 iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
63–4.5. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini öz rəsmi internet səhifəsində yerləşdirməklə mütəmadi yenilənməsini, həmçinin rübdə bir dəfə rəsmi mətbuatda dərc etdirilməsini təmin etməlidir.
Maddə 63–5. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların təqvim haqları
63–5.1. Bu Qanunun 63–4.3-cü maddəsində göstərilən birdəfəlik ödənişdən əlavə, Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçı təqvim ayı ərzində bağladığı Yaşıl Kart müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləğinin 5 faizi miqdarında aylıq təqvim haqlarını növbəti təqvim ayının 15-dən gec olmayaraq Büronun müvafiq hesabına ödəyir.
63–5.2. Təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən Yaşıl Kart blanklarının çap etdirilməsi və təbliğat işlərinin maliyyələşdirilməsinə, eyni zamanda cari öhdəliklər ehtiyatının formalaşdırılmasına yönəldilir.
63–5.3. Təqvim haqlarının ödənilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla Büro tərəfindən müəyyən edilir.
Maddə 63–6. Büronun cari öhdəliklər ehtiyatı
63–6.1. Büro tərəfindən bu Qanunun 63–4.3-cü maddəsində nəzərdə tutulan vəsaitlər və 63–5-ci maddəsində nəzərdə tutulan təqvim haqları hesabına iştirakçı sığortaçıların Yaşıl Kart Sistemində fəaliyyət göstərməsi ilə əlaqədar Büronun maliyyə öhdəliklərinin təminatı məqsədilə cari öhdəliklər ehtiyatı formalaşdırılır.
63–6.2. Büro cari öhdəliklər ehtiyatı üzrə pul vəsaitlərinin hərəkətinin ayrıca uçotunu aparır.
63–6.3. Cari öhdəliklər ehtiyatının formalaşdırılması ilə bağlı qaydalar maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla Büro tərəfindən müəyyənləşdirilir.
63–6.4. Cari öhdəliklər ehtiyatının vəsaitləri bu Qanunun 63-3.0.10-cu maddəsində nəzərdə tutulmuş iştirakçı sığortaçıların öhdəliklərinin Büro tərəfindən icrası məqsədləri üçün istifadə edilir.
Maddə 63–7. Büronun Yaşıl Kart Sistemində subroqasiya hüququ
Büronun iştirakçı sığortaçısının Yaşıl Kartla bağlı yaranan öhdəliyi ilə əlaqədar Büro tərəfindən həyata keçirilən ödənişlər məbləğində həmin sığortaçıya münasibətdə Büronun subroqasiya hüququ yaranır.
Maddə 63–8. Xarici ölkənin Yaşıl Kart bürosunun adından çıxış etməyə qoyulan qadağa
Sığortaçılara Yaşıl Kart Sisteminin üzvü olan xarici ölkənin Yaşıl Kart bürosunun adından Yaşıl Kart təklif etmək qadağan edilir.
Maddə 63–9. Yaşıl Kart Sistemi üzrə sığorta haqları
Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Maddə 63–10. Valyuta tənzimlənməsi üzrə məhdudiyyətlərdən azadolma
Yaşıl Kart Sistemi çərçivəsində Büro və iştirakçı sığortaçılar tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə tələb olunan valyutada pul vəsaitlərinin Azərbaycan Respublikasından köçürülməsinə heç bir məhdudiyyət qoyulmur.
5-ci fəsil
Sərnişinlərin icbari fərdi qəza sığortası
Maddə 64. Sərnişinlərin icbari fərdi qəza sığortasının məqsədi və təyinatı
64.1. Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.
64.2. Sərnişinlərin bu Fəsildə nəzərdə tutulmuş qaydada fərdi qəza sığortası icbaridir.
Maddə 65. Sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməli olan nəqliyyat vasitələrinin sahibləri
65.1. Bu Fəslin məqsədləri üçün Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunda müəyyən edilmiş qaydada sərnişin daşıma xidmətlərini həyata keçirmək üçün mülkiyyətində nəqliyyat vasitəsi olan və ya belə nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında, yaxud digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.
65.2. Bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sahibləri müvafiq nəqliyyat vasitəsilə daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidirlər.
65.3. Bu Fəslin tələbləri şəhərdaxili və ya qəsəbədaxili sərnişin daşıyan nəqliyyat vasitələrinin sahiblərinə şamil edilmir.
Maddə 66. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta hadisəsi
Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetirməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar onun bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül, az ağır və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir.
Maddə 67. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığortalı və sığorta olunan
67.1. Müvafiq nəqliyyat vasitəsilə daşınan sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi, bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı nəqliyyat vasitəsinin sahibi sığortalı hesab edilir.
67.2. Bu Fəsildə nəzərdə tutulmuş istənilən nəqliyyat vasitəsində daşınan və fərdi qəzadan icbari sığortalanmış sərnişinlər sığorta olunanlar hesab edilirlər.
Maddə 68. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri
68.1. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
68.1.1. nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləği - 5000 manat;
68.1.2. hər bir nəqliyyat vasitəsi üzrə - bu Qanunun 68.1.1-ci maddəsində nəzərdə tutulmuş məbləğin müvafiq nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasilindən alınan məbləğ.
68.2. Sərnişinlərin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.
Maddə 69. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqları
Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada hesablanır.
Maddə 70. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta ödənişi
Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta olunanların sığorta hadisəsi nəticəsində sağlamlığına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 68-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
III. YEKUN BÖLMƏ
6-cı fəsil
KEÇİD MÜDDƏALARI
Maddə 71. Qanunun qüvvədə olan icbari sığorta müqavilələrinə şamil edilməməsi
Bu Qanunun qüvvəyə minməsindən əvvəl bağlanmış icbari sığorta müqavilələri həmin müqavilələrdə nəzərdə tutulmuş, müqavilələrin başa çatma müddətinədək qüvvəsini saxlayır.
Maddə 72. Kompensasiya ödənişlərinin verilməsinin tətbiq edilməyə başlaması
Bu Qanunun 33-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişlərinin həyata keçirilməsi ilə bağlı müddəalar Qanunun qüvvəyə mindiyi tarixdən 6 ay sonra tətbiq edilir.
Maddə 73. Büronun fəaliyyətə başlaması
73.1. Bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş Büronun təsis iclası bu Qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində maliyyə bazarlarına nəzarət orqanı tərəfindən çağırılır. Büronun təsis iclasına bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılırlar.
73.2. Büronun təsis iclasında aşağıdakı məsələlər barədə qərarlar qəbul edilməlidir:
73.2.1. Büronun təsis edilməsi;
73.2.2. Büronun nizamnaməsinin təsdiq olunması;
73.2.3. Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi.
73.3. Büronun təsis iclasında təsisetmə və fəaliyyətin ilkin mərhələsi ilə bağlı zəruri hesab edilən digər məsələlər barədə də qərarlar qəbul edilir.
7-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 74. İddia müddəti
Sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər.
Maddə 75. İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarət
Bu Qanunun Xüsusi bölməsində icbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə həm də hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Maddə 76. Mübahisələrin həlli
Bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir.
Maddə 77. Məsuliyyət
77.1. Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar.
77.2. Bu Qanunla müəyyən edilmiş hər hansı sığorta təminatının tam və ya qismən könüllü sığorta müqaviləsində nəzərdə tutulması bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulmuş şəxsləri bu vəzifəni yerinə yetirməməyə görə məsuliyyətdən azad etmir.
Maddə 78. Qanunun qüvvəyə minməsi
78.1. Bu Qanun dərc edildiyi tarixdən 1 ay sonra qüvvəyə minir.
78.2. Bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş qüvvəyə minmə tarixindən Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” 1996-cı il 31 may tarixli 113-IQ nömrəli, “İcbari ekoloji sığorta haqqında” 2002-ci il 12 mart tarixli 271-IIQ nömrəli, ”Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” 2003-cü il 25 mart tarixli 425-IIQD nömrəli, “İcbari Ekoloji Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə” 2003-cü il 25 mart tarixli 427-IIQD nömrəli, “Sərnişinlərin icbari sığortası haqqında” 2003-cü il 17 iyun tarixli 474-IIQ nömrəli, “Yanğından icbari sığorta haqqında” 2004-cü il 6 yanvar tarixli 573-IIQ nömrəli, “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə” 2004-cü il 20 aprel tarixli 638-IIQD nömrəli, “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” 2004-cü il 10 sentyabr tarixli 752-IIQD nömrəli qanunları ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il
№ 165-IVQ