Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Vidadi Xəlilovun ildönümü qeyd olundu

31 oktyabr 2021 | 16:00

 Oktyabrın 31-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid polkovnik-leytenant Vidadi Xəlilov ildönümü qeyd olundu.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, dindarlar, ağsaqqallar və şəhidin ailə üzvləri şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
  Rayon icra hakimiyyətinin başçısı mərasimində çıxış edərək şəhid Vidadi Xəlilovun qısa və mənalı ömür  yolundan danışıb. Dövlətimiz tərəfindən şəhid polkovnik-leytenanta verilən təltiflərdən, ailəsinə göstərilən diqqət və qayğıdan söz açılıb. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları 44 günə darmadağın etdi və  məğlub olduğunu etiraf edən düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi.  Bu, Azərbaycan hərb tarixinin ən parlaq, ən şanlı səhifəsi idi.
  Bildirilib ki, Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
  Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri II Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 30-da Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn edilib.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Keçidlər