Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Əbədiyaşar Ədiblər” Kompleksində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edildi

25 may 2019 | 16:00

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı bütün bölgələrdə olduğu kimi Göyçay rayonunda da silsilə tədbirlər keçirilir.
25 may 2019-cu il tarixdə Əli Kərim adına Göyçay şəhər parkının “Əbədiyaşar Ədiblər” Kompleksində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi dünyası” adlı ədəbi bədii gecə təşkil olunmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri Anar Rzayev, filologiya elmləri doktoru, professor, şair-publisist Vüqar Əhməd, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı jurnalist Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin üzvü respublikanın əməkdar müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı və rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak etmişlər.
  Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhərinin mərkəzində yerləşən Rəsul Rzanın ev muzeyini ziyarət etmişlər. Nəsimiyə  çoxlu məqalələr, şerlər həsr edənlərin arasında  Göyçaylı xalq şairi  Rəsul Rza da mühüm yer tutur.  Ev-muzeyi ilə tanışlıqdan sonra Əli Kərim adına Göyçay şəhər parkında rayon Mərkəzi Kitabxanasının Nəsiminin əsərlərindən  ibarət kitab sərgisi təşkil olunmuşdur.
Rayon rəhbərliyi və qonaqlar parkda dəfn olunmuş şairlərin məzarlarını və şəhidlər xiyabanını ziyarət etmişlər.
Sonra Əli Kərim adına parkda “Əbədiyaşar Ədiblər” Kompleksində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.
Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirildiyini və Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edildiyini qeyd etdi.
Tədbiri idarə edən tanınmış jurnalist Xəzər telekanalında yayımlanan «Könül dünyamız» adlı verilişin aparıcı Səyyarə Səyyaf qonaqlara çıxış üçün söz verdi.
Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri Anar, filologiya elmləri doktoru, professor, şair-publisist Vüqar Əhməd, akademik, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı jurnalist Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin üzvü respublikanın əməkdar müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı çıxış edərək bildirdilər ki,  “Prezident İlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki Sərəncamın imzalanması mühüm hadisədir. Bu sərəncamlarla Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin "Nəsimi İli" elan edilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Tədbirin bədii hissəsində Nəsimidən qəzəllər səsləndi, televiziya mügam müsabiqəsinin qalibi Almaxanım Əhmədli, xanəndə Elgiz Əliyevin ifasında Nəsimi qəzəllərindən ibarət muğam və təsniflər ifa edildi.
Rayon mədəniyyət evinin aktyorlarının iştirakı ilə Nəsimiyə aid səhnələr nümayiş olundu.
Sonda rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Akademik, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor,  şair-publisist Vüqar Əhməd, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı jurnalist Rəşad Məcid tanınmış jurnalist, “Könül dünyamız” verlişinin aparıcısı Səyyarə Səyyaf xatirə döş nişanı ilə təltif olundular.

Keçidlər