Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

01 dekabr 2016 | 16:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların hərbi vətənpərvərlik, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər keçirir. Bu istiqamətdə növbəti tədbir dekabr ayının 1-də Göyçay Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunub.
“Vətənin müdafiəsinə hazıram!” mövzusunda keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən və hərbçilərə göstərilən dövlət qayğısından danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov qeyd edib ki, ordu quruculuğu sahəsində aparılan davamlı işlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri bütün göstəricilərinə görə regionun ən qüdrətli ordusuna çevrilib.
“Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı siyasət nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi sahələrdə daha da güclənərək mühüm uğurlar qazandığını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində gördüyü işlər milli düşüncəli gənc nəslin formalaşması işinə böyük töhfə verir.
Tədbirdə şəhid ailələrinin və veteranların nümayəndələri, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Sonda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Göyçay rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış edib.

Keçidlər