Yalman kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu
06 avqust 2022-ci il tarixdə rayonun Yalman kəndində Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhid valideyinləri bulaq kompleksinin üzərindəki qırmızı lenti kəsərək, önünə gül-çiçək dəstələri düzdülər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı.
Sonra çıxış edənlər Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi ilə Müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına möhtəşəm qələbə əldə edildiyini qeyd etdilər. Hərbi əməliyyatlarda Göyçay rayonundan olan qəhrəman oğullarımızın da nümayiş etdirdikləri misilsiz rəşadətin hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğuladılar.
Bulaq kompleksinin açılışında Yalman kənd ümumi orta məktəbin şagirdləri şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirdilər.
Sonda şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.