Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Vidadi Xəlilovun beşinci ildönümü məzarı önündə qeyd olunub
Oktyabrın 31-də Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenant Xəlilov Vidadi Vaqif oğlunun beşinci ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub.
Mərasimdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin, rayon Polis Şöbəsinin, Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, YAP Göyçay rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Göyçay rayon Statistika İdarəsinin müdiri və ictimaiyyət nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Qeyd edilib ki, Xəlilov Vidadi Vaqif 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri İkinci Qarabağ müharibəsi döyüşlərində Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 30-da Laçın istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 31 oktyabr 2020-ci il tarixdə doğma yurdu olan Göyçayda şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilmişdir.
Şəhid Vidadi Xəlilov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.






