Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol yarışı keçirildi
13 may 2022-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Göyçay Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol yarışına start verilmişdir.
Göyçay Şəhər stadionda keçirilən açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Sonra rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələri və rayon idmansevərləri çıxış edərək 44 günlük Vətən müharibəsində yüzlərlə göyçaylı gəncin qəhrəmanlıqla döyüşdüyünü, onlardan 46-nın şəhid olduğunu qeyd etmişlər. Adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söylədilər.
Dairəvi sistem üzrə keçirilən turnirdə 18 komanda iştirak edir, yarışlara iyun ayının 10-da yekun vurulacaq, qaliblərə kubok, medal və diplomlar veriləcək.