Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə medallar təqdim edildi
26 may 2022-ci il tarixdə Göyçay Şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə medalların təqdim edilməsi mərasimi keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların məzarlarını ziyarət edib, onların əziz xatirəsinə sonsuz ehtramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək 44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də daim yüksək qiymətləndirildiyini bildirdi.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edildi.
Mərasimdə çıxış edənlər şəhid anası Nəsibə Xəlilova, şəhid atası Akif Kərimov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatında düşmənin məğlub edilərək uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunmasında iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını bildirdilər.