Vətən müharibəsi şəhidi Xəyyam Hüseynovun beşinci ildönümü qeyd edilib
28 sentyabr 2025-ci il tarixdə Məlikkənd kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Hüseynov Xəyyam Hüseyn oğlunun beşinci ildönümü qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, RİHB-nın Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Göyçay rayon Statistika İdarəsinin müdiri, bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Xəyyam Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs olunub.
Şəhid Xəyyam Hüseynovun atası Hüseyn Hüseynov tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Əli Səfalı və Məlikkənd kənd tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid Hüseynov Xəyyam Hüseyn oğlu 11.07.1996-cı il tarixdə Göyçay rayonunun Məlikkənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 28 sentyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






