Vətən müharibəsi şəhidi Təbriz Xancanovun dördüncü ildönümü qeyd edilib
19 noyabr 2024-cü il tarixdə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Xancanov Təbriz Məhəmmədəli oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin üzvləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Təbriz Xancanovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid Xancanov Təbriz Məhəmmədəli oğlu 09.06.1996-cı il tarixdə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 19 noyabr 2020-ci il tarixdə rayonun Müskürlü kəndində dəfn edilmişdir.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.