Vətən müharibəsi şəhidi Rəhim Həmidovun dördüncü ildönümü qeyd edilib
30 noyabr 2024-cü il tarixdə Göyçay rayonunun Mırtı kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Həmidov Rəhim Ehdiram oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin üzvləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Rəhim Həmidovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid Həmidov Rəhim Ehdiram oğlu 09.02.1997-ci il tarixdə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 30 noyabr 2020-ci il tarixdə rayonun Mırtı kəndində dəfn olunmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.