Vətən müharibəsi şəhidi Qüdrət Əzizovun beşinci ildönümü qeyd edilib
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əzizov Qüdrət Bəhruz oğlunun beşinci ildönümü rayonun Bığır kəndində şəhidin məzarı önündə qeyd edilib.
10 noyabr 2025-ci il tarixdə keçirilən şəhidin anım mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Göyçay İstilik Sistemləri İstismar Sahəsinin rəisi şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Qüdrət Əzizovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Xatırladaq ki, şəhid Əzizov Qüdrət Bəhruz oğlu 19.06.1997-ci il tarixdə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 44 günlük Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






