Vətən müharibəsi şəhidi Qafarov Kənan Siyaqif oğlunun dördüncü ildönümü qeyd edilib
08 oktyabr 2024-cü il tarixdə Göyçay rayonunun Yalman kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Qafarov Kənan Siyaqif oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının müavinləri, aparatın məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Kənan Qafarovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid Qafarov Kənan Siyaqif oğlu 06.08.1996-cı il tarixdə Göyçay rayonunun Yalman kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 08 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.