Vətən müharibəsi şəhidi Qaçayev İntizam Əkbər oğlunun dördüncü ildönümü qeyd edilib
23 oktyabr 2024-cü il tarixdə Göyçay rayonun İkinci Ərəbcəbirli kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Qaçayev İntizam Əkbər oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, RİH başçısı aparatın məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid İntizam Qaçayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid Qaçayev İntizam Əkbər oğlu 14.12.2001-ci il tarixdə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 08.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 23 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.