Vətən müharibəsi şəhidi Ədalət Dəmirovun dördüncü ildönümü qeyd edilib
02 noyabr 2024-cü il tarixdə Göyçay rayonun Aşağı Qaraməryəm kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Dəmirov Ədalət Nüsrət oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, rayon ictimaiyyətinin üzvləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Ədalət Dəmirovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid Dəmirov Ədalət Nüsrət oğlu 09.11.2001-ci il tarixdə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olmuşdur. 08.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış, 02 noyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.