Vətən müharibəsi şəhidi Ədalət Dəmirovun beşinci ildönümü qeyd edilib
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Dəmirov Ədalət Nüsrət oğlunun beşinci ildönümü rayonun Aşağı Qaraməryəm kəndində şəhidin məzarı önündə qeyd edilib.
02 noyabr 2025-ci il tarixdə keçirilən şəhidin anım mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Göyçay İstilik Sistemləri İstismar Sahəsinin rəisi və bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Ədalət Dəmirovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Xatırladaq ki, şəhid Dəmirov Ədalət Nüsrət oğlu 09.11.2001-ci il tarixdə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olmuşdur. 08.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış, 02 noyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






