Vətən müharibəsi şəhidi Aslan Əliyevin dördüncü ildönümü qeyd edilib
08 noyabr 2024-cü il tarixdə Göyçay rayon Hacalıkənd kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əliyev Aslan Elman oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin üzvləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Aslan Əliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid Əliyev Aslan Elman oğlu 23.09.2001-ci il tarixdə Göyçay rayonunun Hacalıkənd kəndində anadan olmuşdur. 04.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 44 günlük Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.