Vətən müharibəsi şəhidi Abdullayev Səməd Sədiyar oğlunun dördüncü ildönümü qeyd edilib
03 oktyabr 2024-cü il tarixdə Qaraxıdır kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Abdullayev Səməd Sədiyar oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Səməd Abdullayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid Abdullayev Səməd Sədiyar oğlu 17.06.2002-ci il tarixdə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. 07.07.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 02 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.