Ulu Öndərin anadan olmasının 99 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
05 may 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 99 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictmaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev qeyd etdi ki, bir neçə gündən sonra may ayının 10-da Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99 ili tamam olur. Bu münasibətlə artıq bir neçə gündür ki, rayonumuzda fəaliyyət göstərən idarə və təşkilatlarda, təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir və davamlı olaraq keçiriləcəkdir. “Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda elmi-praktik konfrans işinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməklə başladı.
İ.Vəliyev Ulu Öndərin 99 illiyinə həsr olunmuş elmi-praktik konfransı açıq elan edərək bildirdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə uzun illər ərzində davam edən münaqişənin 44 günə tam Zəfərlə yekunlaşması, azad edilmiş Qarabağda ordumuzun gücü-qüvvəsi nəticəsində ucaldılmış müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də Ulu öndərimizin ruhlarına ən böyük ehtiram abidələridir.
Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova “Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda məruzə edərək Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan bəhs etmiş və bildirmişdir ki, bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayır və yaşayacaqdır.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov - “Heydər Əliyev və yeni dövrün çağırışlarını cavablandıran Yeni Azərbaycan Partiyası”, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin sədri İlqar Səmədov - “Sosial siyasətin Heydər Əliyev modeli”, Ağdaş Regional Mədəniyyət Mərkəzinin Göyçay Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Nərmin Xəlilova - “Ulu Öndərin mədəniyyət sevgisinin tarixi bəhrələri” və Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Coşqun İsmayılov - “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxış etmişlər.
Tədbir ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilməklə yekunlaşmışdır.