“Ulu Öndərin 100 illiyi”nə həsr edilmiş gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyun keçirildi
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ulu Öndərin 100 illiyi”nə həsr edilmiş gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunlar layihəsi çərçivəsində 30 yanvar 2023-cü il tarixində Göyçay Gənclər Evində tədbir keçirildi.
Tədbirdə gənclər, təhsil müəssisələrinin müəllim və şagird heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak etdilər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qaraş İsmayılov çıxış edərək 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqadar silsilə tədbirlərin təşkil edilməsi, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında məlumat veriblər.
Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Gənclər Fondu, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqqında ətraflı məlumat verib.
A.Məhərrəmov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Layihənin eksperti Ümüdvar Həsənov Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu ilə bağlı məlumat verdikdən sonra gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunlar həyata keçirildi.
Dörd mərhələdən və hər mərhələ 4 istiqamət üzrə (Azərbaycan tarixi, Ulu Öndər Heydər Əliyev, Qarabağ, Şanlı Zəfər tarixi) olmaqla intellektual oyunlarda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Peşə Liseyinin tələbələrindən ibarət 9 komanda iştirak etdilər. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri intellektual oyunların qalibi oldular.
Sonda bütün iştirakçılara sertifikatlar, qalib komandaya hədiyyələr təqdim edildi və xatirə fotosu çəkildi.