“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib
08 may 2023-cü il tarixində Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov və rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları Musiqi məktəbinin foyesində Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra foyedə hazırlanmış sərgiyə baxış keçirilib və məktəbin şagirdlərinin ifasında musiqi nömrəsi təqdim edilib.
Tədbir məktəbin akt zalında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.
“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlı olduğunu qeyd ediblər. Var qüvvəsi ilə Azərbaycanın yüksəlişinə özünü həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmasından, hər bir sahədə olduğu kimi dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı ilə mədəniyyət sahəsində dərin və silinməz iz qoymasından söhbət açıblar. Heydər Əliyevin birinci hakimiyyəti dövründə Göyçay rayonuna səfəri zamanı rayon Mədəniyyət Evinin tikintisinə göstəriş verildiyini qeyd ediblər. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasətinin bu gün də uğurla davam etdiyini və Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin yeni binasının 2015-ci ildə açılış mərasimində Prezident cənab İlham Əliyevin şəxsən iştirak etdiyini vurğulayıblar.
Tədbir bədii hissəsində Musiqi Məktəbinin müəllim və şagird kollektivlərinin ifasında musiqi nömrələri dinlənilib, Ulu öndərin sevdiyi mahnılar ifa olunub.