Şıxəmir kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun yaşayış məntəqələrində səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir.
11 iyul 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Şıxəmir kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Göyçay rayon prokuroru Ramin Hüseynov, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Famil Abdullayev çıxış edərək Şıxəmir kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.
Səyyar qəbul zamanı kənd sakinləri Hüseynova Əsmər pay torpaq sahəsinin sərhədlərinin tanıdılması, elektrik xətlərində yaşıl budama işlərinin aparılması, Namiq Bəşirov kənd ərazisində poçt xidməti göstərilməsinin xidməti saatlarının artırılması, Uğur İsmayılov suvarma arxı borusunda sızmanın olması, Elman İsmayılov kənd məktəbində təhsilə nəzarətin artırılması barədə müraciət etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətləri nəzarətə götürüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.