Şəkili kəndində növbəti səyyar qəbul keçirilib
15 noyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Şəkili kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Mikayılov çıxış edərək Şəkili kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.
Səyyar qəbul zamanı kənd sakini Abidə Səlimova təbii qaz xəttində sızmaların olması, Göyçay şəhəri ilə Şəkili kəndi arasında avtobus marşrut xəttinin açılması, Nəzakət Məmmədova əkin işləri aparmaq üçün bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmaması, övladının “Özünüməşğulluq” proqramında mal-qara ilə qeydiyyatda olmasına baxmayaraq təmin olunmaması, Səhrab Məmmədov elektrik xəttinin yenilənməsi və digər kənd sakinləri müxtəlif mövzular barədə müraciət etmişdir.
Sonda kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.