Şəhidlərin Anım Gününün beşinci ildönümü ilə əlaqədar Göyçay Uşaq Musiqi Məktəbində tədbir keçirilib
23 sentyabr 2025-ci il tarixdə Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbində Şəhidlərin Anım Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini, rayonun Mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələrinin üzvləri və vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Məktəbdə qarmon müəllimi işləmiş, şəhid Alim İbrahimovun döyüş yoluna həsr edilmiş sərgiyə baxış keçirilib. Daha sonra Alim İbrahimovun adını daşıyan akt zalında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.
Musiqi məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə ədəbi bədii kompozisiya nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova çıxış edərək Qələbə salnaməsinin ilk günü olan 27 sentyabrı tariximizə əbədi olaraq rəşadət və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu qeyd edib.
Şəhidin atası Zöhrab İbrahimov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirin sonunda şəhid Alim İbrahimovun portreti məktəb kollektivi adından ailəsinə hədiyyə edilib.






