Şəhid Vasif Məmmədovun ikinci ildönümü qeyd olundu
Noyabrın 4-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Məmmədov Vasif Əlibala oğlunun ikinci ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin üzvləri, dindarlar, ağsaqqallar və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmış və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Xatırladaq ki, şəhid Vasif Məmmədov 12.10.1994-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 04 noyabr 2020-ci il tarixdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə” və Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.