Şəhid Rüstəm Məmmədovun ad günü məzarı önündə qeyd olundu
44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Rüstəm İbrahim oğlunun ad günü dəfn olunduğu Mingəçevir şəhəri Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Mərasimdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, eyni zamanda şəhidin döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhid Rüstəm Məmmədovun qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, şəhid Rüstəm Məmmədov 10.08.1998-ci il tarixdə Göyçay rayonu Yeniarx kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 08.09.2020-ci il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və 22 noyabr 2020-ci ildə Mingəçevir şəhərində dəfn olunmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.