Şəhid Qismət Qasımovun ikinci ildönümü qeyd olundu
Oktyabrın 25-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayonu Şıxbəy kəndindən olan şəhid Qismət Yolçu oğlu Qasımovun ikinci ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri dindarlar, ağsaqqallar və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirdilər.
Sonra Şıxbəy kəndinin giriş hissəsində inşa olunan şəhidin lövhəsinin açılışı olmuşdur.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Xatırladaq ki, şəhid Qismət Qasımov 05.03.1993-cü il tarixdə Göyçay rayonu Şıxbəy kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir. 25 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.