Şəhid Paşa Salamovun ikinci ildönümü qeyd olundu
Dekabrın 6-da rayonun Çərəcə kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Salmanov Paşa Həkim oğlunun ikinci ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İkram Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmış və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Xatırladaq ki, şəhid Paşa Salamov 13.08.1995-ci il tarixdə Göyçay rayonu Çərəcə kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 06 dekabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ağdamın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.