Şəhid Kənan Qafarovun ad günü məzarı önündə qeyd olundu
44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qafarov Kənan Siyaqif oğlunun ad günü Yalman kəndində şəhidin məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİH başçısının Yalman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsi, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhid Kənan Qafarovun qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, şəhid Kənan Qafarov 06.08.1996-cı il tarixdə Göyçay rayonu Yalman kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 08 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.