Şəhid Həsən Bayramovun ikinci ildönümü qeyd olundu
Dekabrın 13-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn rayonun Birinci Ərəbcəbirli kənd sakini Bayramov Həsən Ağaisa oğlunun ikinci ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İkram Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmış və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Xatırladaq ki, şəhid Həsən Bayramov 22.06.2001-ci il tarixdə Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 13 dekabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.