Şəhid Fərid Mövsümovun ad günü məzarı önündə qeyd olundu
44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mövsümov Fərid Zakir oğlunun ad günü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhid Fərid Mövsümovun qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, şəhid Fərid Mövsümov 19.09.1987-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 05 oktyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 30 oktyabr 2020-ci il tarixdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.