Şəhid Elşən Nuruzadənin ildönümü qeyd olundu
04 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Göyçay şəhər sakini, Nuruzadə Elşən Əlisa oğlunun ikinci ildönümü Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, dindarlar, ağsaqqallar və şəhidin ailə üzvləri iştirak edirdilər.
Şəhidlər Xiyabanının girişində şəhid Elşən Nuruzadənin həyat yolundan bəhs edən videoçarx nümayiş olunmuşdur. Şəhidin xatirəsi məzarı önündə yad edilərək gül dəstələri düzüb.
Tədbirdə iştirak edənlər qeyd etmişlər ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Göyçay rayonu da öz töhfəsini vermişdir. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə göyçaylı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmişlər. Şəhidlərimizin adı əbədiləşdirilərək küçələrə adları verilmiş, ayrı-ayrı yaşayış məntəqələrində xatirələrinə abidələr ucaldılmış, bulaqlar tikilmiş və bu istiqamətdə işlər bu gün də davam etdirilir.
Bildirildi ki, bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. Döyüş meydanında Azərbaycan Ordusunun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Tədbir məktəblilərin şəhidlərə həsr olunan şeirləri ilə davam etdirilib.