Şəhid Ədalət Dəmirovun ikinci ildönümü qeyd olundu
Noyabrın 2-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayonu Aşağı Qaraməryəm kəndindən olan şəhid Dəmirov Ədalət Nüsrət oğlunun ikinci ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri dindarlar, ağsaqqallar və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmış və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirmişlər.
Sonra şəhidin təhsil aldığı Aşağı Qaraməryəm kənd tam orta məktəbin Ədalət Dəmirov adlandırılan sinfinə keçərək məktəblilərlə görüşülmüşdür.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Xatırladaq ki, şəhid Ədalət Dəmirov 09.11.2001-ci il tarixdə Göyçay rayonu Aşağı Qaraməryəm kəndində anadan olmuşdur. 08.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 02 noyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.