Şəhid Aslan Əliyevin ad günü məzarı önündə qeyd olundu
44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Aslan Elman oğlunun ad günü Hacalıkənd kəndində şəhidin məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİH başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsi, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhid Aslan Əliyevin qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, şəhid Aslan Əliyev 23.09.2001-ci il tarixdə Göyçay rayonunun Hacalıkənd kəndində anadan olmuşdur. 04.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 08 noyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.