Rayon rəhbəri Çaxırlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonun Çaxırlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.
07 mart 2024-cü il tarixdə keçirilən səyyar qəbulda Milli Məclisin deputatı Sabir Hacıyev, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
Rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Əliyev çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, sakinlərin məşğuliyyəti haqqında məlumat verərək nümayəndəlik ərazisində görülən işləri qeyd edib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.