Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi
01 avqust 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin yeni tərkibdə ilk iclası keçirildi.
İclasda rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və İctimai Şuranın üzvləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın yeni seçilmiş sədri Akif Kərimli çıxış edərək “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İctimai Şuraların fəaliyyətindəki əsas məqsədin vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, insan və vətəndaş hüquqlarının müdafiəsi olduğunu qeyd edib.
İctimai Şuranın iclasında rayon sakinlərinin qarşılaşdıqları problemlər, o cümlədən şəhər ərazisində fəaliyyət göstərən bəzi çayxanaların piyada səkilərini zəbt edərək vətəndaşların gediş-gəlişi üçün maneə yaratması, bəzi küçələrin işıqlandırılmaması, Heydər Əliyev prospekti ilə 20 yanvar küçələrinin kəsişməsindən keçən suvarma arxının təmizlənməməsi, ət kəsim məntəqələrində təmizlik və gigiyenik qaydalara riayət olunmaması kimi müraciətlər səsləndirilib və həmin məsələlər müzakirə edilərək həlli istiqamətində müvafiq tapşırıqlar verilib.