Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Ulaşlı Şıxlı kəndində keçirilib
18 sentyabr 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Ulaşlı Şıxlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Göyçay rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.
Səyyar qəbulda çıxış edən rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rövşən Cabbarov çıxış edərək Ulaşlı Şıxlı kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı kənd sakini Elşən Ağayev kənd ərazisində uşaq bağçasının tikilməsi və yay mövsümündə elektrik enerjisinin gərginliyinin aşağı olması ilə bağlı, digər vətəndaşlar isə müxtəlif mövzular üzrə rayon icra hakimiyyətinin başçısına müraciət ediblər.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə və rayon rəhbərinə dərin təşəkkürlərini bildiriblər.






