“Qəhrəmanlarımız tanıyaq” kitabının təqdimatı olub
Dekabrın 16-da Göyçay Gənclər Evində 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən göyçaylı şəhidlərin xatirəsinə həsr olunmuş “Qəhrəmanlarımız tanıyaq” adlı kitabın təqdimatı olub.
Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təqdimat mərasimində “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva çıxış edərək bildirdi ki, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 44 günlük Vətən müharibəsi zamanı Göyçay rayonundan şəhid olmuş qəhrəmanların çətin, lakin şərəfli həyat yolları haqqında kitab nəşr olunub.
S.Mustafayeva qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə əldə edib. İstər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Göyçay rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlik zirvəsinə yüksəliblər. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub. Tarixi Zəfərin qazanılması ilə ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib.