Mingəçevir şəhərində göyçaylı şəhid Rüstəm İbrahim oğlu Məmmədovun ad günü münasibətilə məzarı ziyarət olundu
Avqustun 10-da Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri və göyçaylı şəhid ailələrinin üzvləri Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunmuş göyçaylı şəhid Rüstəm İbrahim oğlu Məmmədovun ad günü məzarı önündə qeyd olundu.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rüstəm Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan söz açılmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Qeyd olundu ki, şəhid Rüstəm Məmmədov 10.08.1998-ci il Göyçay rayonunda anadan olub, orta məktəbi bitirdikdən sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə xidmət edib. İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb və sentyabrın 27-dən döyüşlərdə iştirak etmişdir.
Sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rüstəm Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü”medalları ilə təltif olunub.