Məişət tullantılarının idarə olunması istiqamətində mühüm addımlar atılır
Göyçay rayonunda təmizlik, yaşıllaşdırma və mənzil-istismar sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə rayon icra hakimiyyəti başçısının 01 nömrəli, 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən Göyçay Rayon İcra Hakimiyyətinin “Şəhər Təsərrüfatı Birliyi” yaradılmışdır. Birlikdə rayon Mənzil İstismar sahəsi, Sanitar-Təmizlik İdarəsi və Tikinti abadlaşdırma idarələri birləşdirilmişdir.
Əvvəlki dövrlərdə keçmiş Sanitar-təmizlik İdarəsində yol verilmiş qanun pozuntuları nəticəsində Dövlət Vergilər İdarəsinə, Dövlət Sosial Müdafiə fonduna və Dövlət Məşğulluq İdarəsinə ümumilikdə 284 000 (iki yüz səksən dörd min) manat, Göyçay Su-Kanal İdarəsinə 51 000 (əlli bir min) manat, Yanacaqdoldurma Məntəqəsinə 8 700 (səkkiz min yeddi yüz) manat, ayrı-ayrı satış xidmət müəssisələrinə müxtəlif məbləğlərdə borcu yaranmışdır. Ümumilikdə 400 000 (dörd yüz min) manatdan artıq borcu olan bu təşkilatların nəqliyyat vasitələri istismara yararsız vəziyyətə düşmüş və onların fəaliyyət göstərməsi mümkünsüz olmuşdur.
Qanun pozuntusuna yol verilməsi ilə bağlı təqsirli şəxslər məsuliyyətə cəlb edilsə də, idarənin külli miqdarda borcu yeni yaradılmış Birliyin kreditor borclarına aid edilmişdir. Artıq bir neçə ildir ki, Birlik tərəfindən mövcud borcun 85 %-nin ödənilməsi həyata keçirilib.
Bununla yanaşı Bakı–Şamaxı–Yevlax avtomagistralından 2 km məsafədə, Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində illər əvvəl 16 hektar ərazini əhatə edən tullantı poliqonu yaradılmışdır. Şəhər ərazisindən gündəlik olaraq 100-110 kub metr həcmində məişət tullantısı toplanaraq poliqona daşınır. Tullantıların ətraf mühitə təsirini minimuma endirmək üçün ekoloji təhlükəsizlik tədbirləri görülərək poliqonun sahəsi 16 hektardan 2 hektara qədər azaldılıb. Əraziyə iri və xırda buynuzlu heyvanların daxil olmasının qarşısını almaq üçün perimetri boyunca hasar çəkilib və müşahidə kamerası quraşdırılıb.
Tullantıların zərərsizləşdirilməsi istiqamətində hər gün texnika vasitəsilə torpaqlama işləri aparılır. Eyni zamanda, dağlıq ərazilərdən gələn sel sularının poliqona axaraq kəndə yayılmasının qarşısını almaq məqsədilə ümumi uzunluğu 1500 metr olan selötürücü kanal çəkilmişdir.
Şəhər Təsərrüfatı Birliyi tərəfindən tullantıların daşınması üçün 3 (üç) ədəd “QAZ-53”markalı özüboşaldan yük avtomobili və tullantı poliqonunda tullantıların torpaqlanaraq zərərsizləşdirilməsi üçün 1 (bir) ədəd DT- 75 markalı traktor alınmışdır.
Bundan əlavə, əvvəllər istifadəyə yararsız olan “KamAZ 5511” və “JAC” markalı nəqliyyat vasitələri əsaslı təmir edilərək yenidən istismara qaytarılıb.
Şəhər ərazisində tullantıların toplanması üçün 700-ə yaxın konteyner alınaraq küçələrdə yerləşdirilib.
Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 30 aprel tarixli, 261s nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2025-ci il 15 sentyabr tarixində 20 kubmetr tutuma malik yeni “KamAZ-6515” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin balansına təhvil verilmiş və hazırda tullantıların daşınması məqsədilə istismara cəlb edilmişdir.
Ötən dövr ərzində şəhərin 5 (beş) ədəd yol dairəsi suvarma xətləri ilə təmin edilməklə, gül-çiçəklə bəzədilərək, qazonlar əkilməklə yaşıllıq zonası yaradılmışdır. Şəhərin park, küçə və meydanlarında, ümumilikdə 5 000 (beş min) ədəd müxtəlif növ ağaclar, 10 (on) minlərlə gül- çiçək kolları əkilmişdir. Şəhər Təsərrüfatı Birliyinin Mənzil sahəsi də son bir ildə güclü küləklər nəticəsində dam örtüyü yararsız hala düşən 14 (on dörd) ictimai binanın 2 000 kv.m dam örtüyü yenidən bərpa olunmuşdur. 2024-cü ildə şəhərin M.Hüseynzadə küçəsi 7, 11, Nizami küçəsi 197, 199 ünvanlardakı yaşayış binaları Mənzil sahəsi tərəfindən əsaslı təmir olunaraq, dam örtükləri tam şəkildə dəyişdirilmişdir. Cari il ərzində 4 binanın əsaslı təmir olunması və dam örtüklərinin dəyişdirilməsi nəzərdə tutulmuşdur.
Hazırda Göyçay rayonunda Şəhər Təsərrüfatı Birliyi tərəfindən abadlıq və təmizlik işləri davam etdirilir. Əhalidən ictimai təmizliyə riayət etmələri və tullantıların müəyyən olunmamış ərazilərə atılmaması tövsiyə olunur.






