“Məhsəti” Şairlər Məclisi Göyçay rayonunda maarifləndirici tədbir keçirib
25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin tərəfindən “Ana dilimizin saflığı” adlı layihə çərçivəsində Göyçay rayonunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə mədəniyyət işçiləri, söz adamları və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışlarda ulu öndər Heydər Əliyevin ana dilimizə olan sevgisi vurğulanaraq şair, yazıçıların dilimizə gətirdiyi yeniliklər müzakirə olunub.
“Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olduğunu qeyd edərək layihənin məqsədi haqqında məlumat verib.
Tədbirdə “Ana dilim”, “Ana” və Yunis Əmrədən parçalar səsləndirilib. Tədbir boyu Cəvahir Qaraqızı Məhsəti Gəncəvinin rübailərini oxunub.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Səbinə Qurbanova ana dilimizin zənginliyindən bəhs edib və tələbələr şeirlər səsləndiriblər.
Müğənni Röyal Sadıqovun ifasında Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacəbəyovun bəstələdiyi “Sənsiz” və “ Sevgili canan” romansları auditoriyanın böyük marağına səbəb olub.
“Məhsəti” Şairlər Məclisinin sədri Cəvahir Qaraqızı Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə bir neçə kitab hədiyyə edib.