Kəndlərdə sakinlərin problemlərinin həll edilməsi məqsədilə növbəti səyyar görüş rayonun Dövranlı kəndində keçirildi
18 sentyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Dövranlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhilə Xəlilova çıxış edərək Dövranlı kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.
Səyyar qəbul zamanı kənd sakini Nargilə Heydərova Vətən müharibəsi iştirakçısı olan oğluna Aşağı Qaraməryəm bələdiyyəsi tərəfindən əkin üçün ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi,Telman Xəlilov kənd ərazisindən keçən şirə kanalının lil və çöküntülərdən təmizlənməsi, Cəbrayıl Heydərov kəndin əsas yoluna daş çınqıl tökülməsi və kəndin digər sakinləri müxtəlif mövzular barədə müraciət etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətləri nəzarətə götürüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.