“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göyçayda
AFFA-nın, Göyçay Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbir keçirilib.
Göyçay Olimpiya İdman Kompleksində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
Qeyd olunan layihə üzrə 2022-ci il ərzində respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib.