İnsan hüquqları barədə nəyi bilirik?
Ölkəmizdə insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, uğurlu islahatların həyata keçirilməsi insan hüquqlarının müdafiəsi baxımından olduqca mühüm təcrübə formalaşdırmışdır.
Azərbaycanda aparılan hüquqi islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər və xalqımızın dövlətçilik ənənələri dayanır.
Son illərdə isə hüququn bütün sahələrini tənzimləyən normativ–hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının statusunu, fəaliyyət istiqamətlərini müəyyən etməklə hüquqi dövlət üçün demokratik cəmiyyətdə zəruri olan qanunvericilik bazasının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsinə real imkanlar açmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007–ci il tarixli Sərəncamı ilə hər il iyunun 18–nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilməsinin təsdiqlənməsi isə bu sahəyə yeni imkanlar açmaqla, yeni yanaşma tərzi aşılamışdır.
Azərbaycan öz Milli İnsan Hüquqları gününü qeyd edən yeganə ölkədir.
Təqdirəlayiq haldır ki, belə bir günün dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini və demokratik prinsiplərə, ümumtanınmış insan hüquqları dəyərlərinə böyük önəm verdiyini bir daha nümayiş etdirir.
İnsan hüquqları gününün təsis edilməsi konstitusiyamızda təsbit edilmiş “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir” müddəasının həyatda uğurla reallaşdığını bir daha təsdiqləmişdir.
Bu baxımdan Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətin əsas məqsəd və məramı insan hüquqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətin və buna uyğun insan hüquqları sisteminin yaradılmasına yönəldilmişdir.
Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il “18 iyun Milli İnsan Hüquqları Günü” ərəfəsində mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir.
Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik–hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı və əldə olunmuş ideyaların tətbiqi aylıq çərçivəsində praktik yanaşma ilə real icra olunur və təsdiqini tapır.
Bu baxımdan, ölkəmizdə Ombudsmanın təşəbbüsü ilə davamlı olaraq həyata keçirilən bütün tədbirlər, ardıcıl regional ictimai dinləmələr insan hüquqlarının təbliği, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq dövlət qurumları, QHT və KİV–lər, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, o cümlədən insan hüquqları mədəniyyətinin formalaşdırılması müsbət təcrübə kimi hər il yeniliklərin və uğurlu nəticələrin əldə olunmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına öz töhfəsini verir və insan hüquqları sahəsində Azərbaycan təcrübəsini daha da inkişaf etdirir. Bu sahədə ardıcıl sistemli iş icmaların, əhalinin bütün qruplarından, ölkənin bütün bölgələrindən insanların iştirakının, ictimai fəallığının artırılması ilə davam edir.
Ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını da respublikamızın yeni inkişaf mərhələsində əsas məqsədinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının yüksək səviyyəyə çatdırılmasından ibarət olduğunu, habelə ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunması əsas hədəfimiz kimi birgə əməkdaşlıqda insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verəcək.
Vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına ali dəyər verilməsinin göstəricisidir. Bu baxımdan da hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalı bu vərdişlərin yayılmasında səfərbər olmalıyıq.