İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Ərəbşahverdi kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev oktyabrın 18-də Mallı Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Ərəbşahverdi kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Ərəbşahverdi kəndində keçirilən səyyar qəbulda çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
Rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Mallı Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Umarov Abbasov çıxış edərək Ərəbşahverdi kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, sakinlərin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.