“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirildi
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncam imzalanmışdır.
Həmin Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi məqsədilə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik Pərviz Feyzullayevin, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin əməkdaşları, rayon gəncləri və ictimaiyyət nümayəndələri iştirakı ilə 15 fevral 2023-cü il tarixdə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda Göyçay Gənclər Evində tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin böyük risklərə baxmayaraq ölkəmizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü bildirdi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən respublikamızda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlətçiliyin xilas edildiyini qeyd etdi.
Azərbaycanda ordu quruculuğunun tarixindən bəhs edən deputat nizami ordunun yaranmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.
Digər çıxış edənlər Z.Zeynalova, P.Feyzullayev, şəhid atası Mikayıl Qasımov, 44 günlük Vətən müharibəsi iştirakçısı Süleyman Səfərov Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkli çəkdirildi.